Şamaxıda Aşıq Mirzə Bilalın 140 illik yubileyi qeyd edilmişdir
Noyabrın 1-də Şamaxı şəhərində Şamaxı Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizin Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli saz və söz ustası Aşıq Mirzə Bilalın anadan olmasının 140 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilmişdir. Folklorşünas alim, professor Məhərrəm Qasımlının aparıcılığı ilə keçirilən yubiley tədbirində respublikamızın tanınmış alimləri, ziyalıları və sənət adamları iştirak etmişlər.
Yubiley tədbirində qeyd olunmuşdur ki, Şirvan aşıq məktəbinin banisi hesab edilən Mirzə Bilal 1872-ci il martın 12-də o vaxtkı Şamaxı qəzasının Qəşəd kəndində anadan olmuşdur. Şamaxının Əngəxaran kəndində yaşayan Aşıq İbrahimdən bu sənətin sirlərini öyrənən Bilal dövrünün tanınmış ziyalılarından biri kimi məşhurlaşmışdır. O, həm də Seyid Əzim Şirvaninin “Beytüs-Səfa” məktəbində dərs almış, ərəb, fars dillərini öyrənmiş, Mahmud Ağa, Əhməd Sultan Ağa oğlunun musiqi məclislərində iştirak etmişdir. Bütün bunlar onun həm də xanəndə kimi yetişməsinə öz təsirini göstərmişdir.
Aşıq Bilal şeirləri, habelə bəstələdiyi mahnıları ilə də tanınmışdır. Onun “Görünməz oldu”, “Ala gözlər” kimi mahnıları, deyişmələri dillər əzbəri olmuşdur. Təsadüfi deyildir ki, o dövrdə Azərbaycanda “Mirzə” titulunu qazanan 8 ziyalıdan məhz biri də Aşıq Bilal olmuşdur. Mirzə Bilal nəinki Azərbaycanda, hətta İranda, İrəvanda, Gürcüstanda, Dağıstanda da məşhur idi. O. görkəmli sənətkar kimi tez-tez uzaq ellərə dəvət alırdı. Aşıq Mirzə Bilal 1937 - ci ildə, 65 yaşında ikən sovet rejiminin repressiyasının qurbanı olmuşdur. Özü ilə bərabər onun bütün əmlakı, o cümlədən yazıları da repressiyaya məruz qalan görkəmli el sənətkarı 1937 - ci ildə güllələnmişdir. Yalnız müstəqillik qazandıqdan sonra ulu öndərimiz Heydər Əliyevin diqqət və qayğısı sayəsində məxfi arxivlər açıldıqdan sonra əsl həqiqətlər, Azərbaycanın görkəmli oğullarının, o cümlədən Aşiq Bilalın başına gətirilən müsibətlər üzə çıxmışdır.
Mərasimdə folklorşünas alim, professor Qəzənfər Paşayev Mirzə Bilal yaradıcılığının ayrı-ayrı məziyyətlərini təhlil edərək onun XIX əsr Şirvan Aşıq sənətinin formalaşmasına, Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Rza, Aşıq Məmmədağa, Aşıq Yanvar kimi sənət ustalarının yetişməsindəki rolundan, ecazkar aşıq sənətinin formalaşmasındakı xidmətlərindən danışmışdır. Digər çıxış edənlər də Aşıq Mirzə Bilalın yaradıcılıq nümunələrinin hələ uzun illər axtarış və tədqiqata ehtiyacı olduğunu vurğulamışlar.
Yubiley tədbirində Xalq artisti Mələkxanım Əyyubovanın, əməkdar artist Elnarə Abdullayevanın, xanəndə Əvəzxan Xankişiyevin, aşıqlardan Ağamurad Şirvanlının, Əli Tapdıqoğlunun, Yanvarın, Vüqar Mahmudoğlunun, İslam Rzaoğlunun, Məhəmməd Şirvanlının və başqalarının oxuduqları mahnı və muğamlar mərasimə xüsusi ovqat qatmışdır. Onlar Aşıq Bilalın mahnılarını və muğamlarını xüsusi məharətlə ifa etmişlər.
Aşıq Bilalın oğlu Şəfi Mikayılov mədəniyyətimizin və incəsətimizin inkişafına, mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğıya, o cümlədən atasının xatirəsinin əziz tutulduğuna görə dövlətimizin başçısı İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir.