Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilmişdir

02 fevral 2017 | 16:00

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Şamaxıda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanda dövlət gənclər siyasətinin banisi, xalqımızın Ulu Öndərinin xatirəsini dərin ehtiramla yad edərək Heydər Əliyev parkında dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzmüşlər.
Şamaxı şəhər Heydər Əliyev Mərkəzində keçirilmiş tədbiri giriş sözü ilə açan İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova Azərbaycan Gəncləri Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Natiq bu gün ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparıldığını, bu siyasətin təməlində isə Ulu öndər Heydər Əliyevin ideyalarının dayandığını qeyd etmişdir. Vurğulamışdır ki, ölkəmizdə 1993-cü ildən başlayaraq bütün istiqamətlərdə olduğu kimi, gənclər sahəsində də vacib addımlar atılmışdır ki, görülən işlərin nəticəsi olaraq bu gün gənclərimiz böyük nailiyyətlərə imza atır, cəmiyyətdə mühüm rol oynayırlar.
Gülnisə Ələkbərova Şamaxı rayon gənclərinin rayonun sosial-iqtisadi, ictimai-siyasi, mədəni və idman həyatında fəal iştirak etdiklərini vurğulayaraq onları daha da fəal olmağa çağırmışdır.
Sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək rayonda 2016-cı ildə görülmüş işlər, əldə olunmuş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışmış, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd etmişdir. Ölkəmizin inkişafında gənclərin xüsusi rolunun olduğunu vurğulayan natiq bildirmişdir ki, gənclərin fəallığı, onların bilikləri bu gün müasir müstəqil Azərbaycan Respublikasını daha da gücləndirir, gənclərimizin sorağı beynəlxalq konfranslardan, dövlət və hökumət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından eşidilir.
Tədbirdə fəal gənclərdən Vasif Şıxıyev, Arzu Ədilova, Məhərrəm Məhərrəmov, Elçin Nəcəfov və digərləri çıxış edərək ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlərin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynadığını qeyd etmişlər. Çıxışlarda vurğulanmışdır ki, bu gün Azərbaycan gəncliyi dövlətin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində xoşbəxt və işıqlı gələcəyə doğru addımlamaqdadır.
Görüşdə rayonun ictimai həyatında fəal iştirak edən bir qrup gəncə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.
Sonda gənclərlə xatirə şəkli çəkilmişdir.

Keçidlər