Qurban bayramı qeyd olunmuşdur
Xeyirxahlıq, birlik və fədakarlıq rəmzi sayılan Qurban bayramı hər il respublikamızda, o cümlədən rayonumuzda böyük təntənə və təmtəraqla qeyd olunur. Oktyabrın 25-də Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və müəssisələrdə, kənd və qəsəbələrdə əziz bayram münasibətilə qurbanlar kəsilmişdir.
Bayramın əsas mərasimlərindən biri rayon icra hakimiyyətində təşkil olunmuşdur. Burada rayon icra hakimiyyətinin başçısı tərəfindən şəhid ailələrinə, Böyük Vətən Müharibəsi veteranlarına, Qaqrabağ əlillərinə, qaçqınlara və məcburi köçkünlərə, Çernobıl əlillərinə, yaşayış imkanları zəif olan insanlara, kimsəsizlərə, ümumilikdə üç yüzdən çox ailəyə Qurban payları təqdim olunmuşdur.
Bu münasibətilə mərasimə toplaşanları rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov müqəddəs Qurban bayramı münasibətilə təbrik etmiş, onlara rayonda həyata keçirilən sosialyönümlü işlər barəsində ətraflı məlumat vermişdir. Bildirmişdir ki, bi cür kateqoriyalı insanlara qayğı həmişə rayon icra hakimiyyətinin xüsusi diqqət mərkəzindədir.
Həmin gün Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Şamaxıdakı ixtisaslaşdırılmış 1 saylı ruhi-əsəb internat evinin sakinləri üçün Qurban bayramı münasibətilə yemək süfrəsi açılmış və onlar üçün konsert proqramı təqdim olunmuşdur.