Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir

11 noyabr 2016 | 16:00

Şamaxı rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, AMEA-nın Dilçilik İnstitutunun və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, mədəniyyət işçiləri, ziyalılar, dini icma sədrləri, din xadimləri, rayonda yaşayan müxtəlif xalqların nümayəndələri və gənclər iştirak etmişlər.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov tədbiri giriş sözü ilə açaraq Beynəlxalq Tolerantlıq Gününün yaranma tarixindən, tədbirin əhəmiyyətindən danışmış, tolerantlığın bu gün üçün aktual xarakter daşıdığını qeyd etmişdir. Bildirmişdir ki, ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyev tolerantlılığı və multikulturalizmi dövlət siyasətinin əsas istiqamətlərindən biri elan etmiş, ölkəmizdə olan bütün xalqların, milli azlıqların bərabər hüquqlar əsasında yaşamaları üçün səmərəli əməli fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və mütərəqqi siyasəti sayəsində bu gün Azərbaycanda tolerantlıq və multikulturalizm üçün əlverişli mühit mövcuddur. Azərbaycanda bütün xalqlar və milli azlıqlar dini mənsubiyyətlərindən asılı olmayaraq, azad və müstəqil yaşayırlar. Ölkəmizdə xristian kilsələri, sineqoqlar bərpa edilir, müxtəlif dinlərin təmsilçilərinin dövlət büdcəsi hesabına cəmiyyətləri və mətbu orqanları fəaliyyət göstərir. Bir sözlə, bu gün Azərbaycanda tolerantlığın və multikulturalizmin inkişafı üçün hər cür şərait yaradılmışdır, ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli bir örnəkdir.
Tədbirdə çıxış edən BDU-nun hüquq fəkültəsinin dekanı Əmir Əliyev multikulturalizmin Azərbaycanda həyat tərzi və dövlət siyasəti olduğunu vurğulamış, bildirmişdir ki, hər il Azərbaycanda müxtəlif ölkə və mədəniyyət təmsilçilərinin diskussiya platformasına çevrilmiş Beynəlxalq Humanitar Forum keçirilir ki, bu Forum, bir tərəfdən alim, siyasətçi və vətəndaş cəmiyyəti nümayəndələrinin ünsiyyətinə, digər tərəfdən isə alimlərin elmi araşdırmalar, ideyalar mübadiləsi aparmasına imkan yaradır. Əmir Əliyev qeyd etmişdir ki, dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Prezident cənab İlham Əliyev 2016-cı ili Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edərək bir daha bütün dünyaya nümayiş etdirir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Mariya Kojevnikova, rayon Təhsil Şöbəsinin metodisti Babalar Ağayev çıxış edərək Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin və müxtəlif dinlərə mənsub insanların bir ailə kimi yaşadığını, dini və milli tolerantlığın yüksək səviyyədə olduğunu bildiriblər. Çıxışlarda Azərbaycanın hər yerində olduğu kimi Şamaxıda da multikultural ənənələrin tarixən qorunduğu, burada yaşayan bütün xalqların nümayəndələrinə daim hörmət göstərildiyi qeyd olunmuşdur.

Keçidlər