Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir

08 noyabr 2016 | 16:00

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Şamaxı rayon ziyalıları ilə görüş keçirilmişdir.
Tədbirdən əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstləri düzmüşlər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbir iştirakçılarını salamlayaraq bayram münasibəti ilə təbrik etmişdir. Natiq çıxışında Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağının ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edildiyini, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və sovet hakimiyyətinin qurulması ilə ləğv edilmiş üçrəngli bayrağın ikinci dəfə 1990-cı il noyabr ayının 17-də Ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında qaldırıldığını bildirmişdir. Diqqətə çatdırmışdır ki, həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə yadda qalmışdır.
İcra başçısı xüsusi qeyd etmişdir ki, dövlət rəmzləri Azərbaycan xalqının və Prezidentinin daim diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Bakı şəhərində hər bir azərbaycanlının qürur duyacağı “Dövlət bayrağı meydanı” yaradılmışdır. Natiq məhz bu günün də dövlət səviyyəsində bayram kimi qeyd edilməsinin Prezident cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamı ilə bağlı olduğunu bildirmişdir.
Sonra rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, şəhər 10 saylı tam orta məktəbin gənc müəllimi Vasif Şıxıyev və Avropa liseyinin müəllimi Bəsirə Məmmədova çıxış edərək Dövlət bayrağının Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyindən danışmış, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirdiyini bildirmişlər.

Keçidlər