Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbir keçirilmişdir

03 noyabr 2016 | 16:00

03 noyabr 2016-cı il tarixdə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Şamaxı Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbir  keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun rəhbər müavini Vasif Quliyev,  rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, orta ümumtəhsil, orta ixtisas və ali məktəblərinin pedaqoji kollektivləri, şagird və tələbələr iştirak etmişlər.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizdə bir sıra problemlər kimi, narkotizm probleminə qarşı mübarizə tədbirlərinin də görülməsi vacibliyinin ön plana çıxdığını və problemə münasibətdə yeni mərhələnin başlandığını qeyd etmişdir. Bildirmişdir ki, 1996-cı ildə Ulu öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılması, Prezident cənab İlham Əliyev tərəfindən narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi mövzunun dövlətin daim diqqətində olduğunu göstərir.
Gülnisə Ələkbərova həmçinin rayonda yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişafı, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Bildirmişdir ki, narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması üçün təlimçilərin hazırlanması mühüm əhəmiyyət kəsb edir ki, bu sahədə maarifləndirmə işinin artırılması məqsədilə rayonun təhsil və səhiyyə müəssisələrində Şamaxı rayon Polis Şöbəsi ilə birgə müxtəlif tədbirlər həyata keçirilir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini Vasif Quliyev qeyd etmişdir ki, narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulmuşdur.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Asif Kəngərli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizənin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışmışdır.
Tədbirin sonunda narkomaniyanın fəsadları ilə bağlı qısametrajlı “Bəla” filmi nümayiş olunmuş, iştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanmışdır.

Keçidlər