Şamaxıda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilmişdir
Oktyabr ayının 17-də Şamaxı Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilmişdir.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova iştirakçıları salamlayaraq dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümü münasibətilə, tərxis olunmuş gəncləri də hərbi xidmətlərini şərəflə başa vuraraq öz doğmalarının yanına sağ-salamat qayıtması münasibətilə təbrik etmiş, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açmış, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışmışdır.
Natiq əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirdiyini bildirmiş, aprel döyüşlərinin bir daha Azərbaycan Ordusunun gücünü, xalqımızın həmrəyliyini, ölkə rəhbərliyinin qətiyyətini göstərdiyini vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycan əsgəri aprel döyüşləri zamanı qazandığı uğur və qələbələrlə xalqımıza zəfər sevinci yaşatmışdır. Həmin döyüşlərdə şamaxılı vətənpərvər igidlər də qəhrəmanlıq göstərmiş, onlardan üç nəfəri şəhidlik zirvəsinə ucalmışdır.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi Nasir Qurbanov, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, rayon Təhsil Şöbəsinin müdiri Evaz Eminalıyev və rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək dövlətimizin ordudan tərxis olunmuş şəxslərə diqqət və qayğısından söhbət açmış, bildirmişlər ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir, regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Daha sonra valideynlər adından aprel döyüşlərində fərqlənərək Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin komandiri tərəfindən “3-cü dərəcəli döş nişanı” ilə təltif olunmuş əsgər Qorxmaz Almirzəyevin valideyni Pərvanə Almirzəyeva çıxış edərək hərbi qulluqçulara göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirmiş, ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışmış, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayaraq, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əminliyini ifadə etmişdir.
Çıxış edənlər Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirmişlər.
Görüşdə iştirak edən gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər zaman hazır olduqlarını bildirmişlər.