Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 2016-cı ilin doqquz ayının yekunları müzakirə edilmişdir

13 oktyabr 2016 | 16:00

13 oktyabr 2016-cı il tarixdə Şamaxı rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş və rayonun rəhbərliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı Şamaxı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev cari il oktyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirmişdir.
Keçən əsrin 70-80-ci illərində Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmiş Şamaxıda bu sahənin inkişafına xüsusi diqqət göstərildiyini vurğulayan icra başçısı rayon fermerləri tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınaraq bu gəlirli sahənin 1632 hektara çatdırıldığını, Meysəri kəndinin ərazisində bu ilin doqquz ayı ərzində 51 hektar yeni üzüm bağı, 20 hektar isə yeni meyvə bağı salındığını diqqətə çatdırmışdır.
Heyvandarlığın rayon əhalisinin əsas məşğuliyyətlərindən birini təşkil etdiyini qeyd edən rayon rəhbəri son illər bu sahənin inkişaf etdirildiyini, ötən dövr ərzində iribuynuzlu mal-qaranın sayının artaraq 38120 başa, xırdabuynuzlu heyvanların sayının 183808 başa, quşların sayının isə 283650 başa çatdırıldığını bildirmişdir.
Cari ilin doqquz ayında tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidənqurulması, sosial problemlərin həll edilməsi uğurla davam etirildiyini, şəhər, qəsəbə və kəndlərdə geniş abaqlıq-quruculuq işlərinin aparıldığını, avtomobil yollarının təmir edildiyini, həmçinin 53 km-lik Şamaxı-Padarçöl və turizm əhəmiyyətli rayonun Dəmirçi kəndi ilə İsmayıllı rayonunun Lahıc kəndlərini birləşdirəcək 22 km-lik yeni avtomobil yollarının çəkildiyini bildirmişdir.
Şamaxı rayonu istər tarixi keçmişi, istərsə də coğrafi şəraiti baxımından turizm üçün olduqca əlverişli zonada yerləşdiyindən rayona gələn turistlərin və istirahət mərkəzlərinin sayının ilbəil artdığını qeyd etmiş, cari ilin doqquz ayı ərzində rayona 95 minə yaxın turist gəldiyini vurğulamışdır.
Məruzə ətrafında rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elxan Məmmədov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Qeysər Səfərov çıxış etmişlər.
Hesabat iclasının yekununda Asif Ağayev Şamaxı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə ilin doqquz ayı ərzində görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulamışdır.

Keçidlər