Bu ilin doqquz ayında Şamaxıya 95 minə yaxın turist gəlib
Qədim tarixə, füsunkar təbiətə, əlverişli iqlimə malik, özünəməxsus adət-ənənələri, milli mətbəxi, tarix və mədəniyyət abidələri, görkəmli şəxsiyyətləri ilə məşhur olan Şamaxı bütün fəsillərdə yerli və xarici turistləri özünə cəlb edir.
Şamaxıda son illər müasir turizm infrastrukturunun yaradılması istiqamətində görülən işlər, ənənəvi olaraq hər il keçirilən respublika səviyyəli tədbirlər turistlərin bu qədim diyara olan marağını daha da artırmışdır. Turizm istirahət mərkəzləri, otel və mehmanxanalarla yanaşı, fərdi evlərdə qalmaq istəyənlər üçün də hər cür şərait yaradılmışdır. Bundan əlavə, yeni turizm obyektlərinin yaradılması istiqamətində də iş aparılır. Hazırda Şamaxı rayonunun ərazisində 3 beşulduzlu otel, 22 istirahət mərkəzi mövcuddur. Son vaxtlar bölgənin füsunkar guşəsində “Dəmirçi” istirahət mərkəzi fəaliyyətə başlamışdır, “Pirqulu” otelinin tikintisi isə davam etdirilir.
Təsadüfi deyil ki, ötən il Şamaxıya 90422 nəfər yerli və xarici turist gəldiyi halda, cari ilin doqquz ayında gələn turistlərin sayı 94700 nəfərdir. Təkcə yay turizm mövsümündə bölgəyə 67352 nəfər yerli və xarici turist gəlmişdir.
Prezident cənab İlham Əliyevin turizm sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində həyata keçirilən islahatlar respublikamızda bu sektorun inkişafına səbəb olmuşdur. Son illərdə Azərbaycana səfər edən turistlərin və daxili turizmdən istifadə edən ölkə vətəndaşlarının sayının artımı turizmin ölkə iqtisadiyyatında əsas fəaliyyət növlərindən biri kimi böyük potensiala malik olduğunu göstərir. Prezident cənab İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı respublikamızda, o cümlədən Şamaxıda bu sahənin daha dinamik inkişafına yeni imkanlar açır.