Dünyəvilik və tolerantlıq Azərbaycan xalqının təfəkkür tərzidir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) həyata keçirdiyi “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans işini sentyabrın 29-da Şamaxıda davam etdirmişdir.
Şamaxı rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində gənclərin iştirakı ilə keçirilən konfransda çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov mövzunun aktuallığından danışmış, bildirmişdir ki, milli mənəvi, eləcə də multikultural dəyərlərin təbliğ edilməsi, eyni zamanda, dini maarifçilik işinin aparılması məqsədilə bu cür tədbirlərin keçirilməsi vacibdir. O, milli mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində rayon ərazisində həyata keçirilən silsilə tədbirlərdən də bəhs etmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkəmizdə dərin tarixi köklərə malik olan multikultural və tolerantlıq ənənələrinin mövcudluğundan, bu ənənələrə xalqımız və dövlətimiz tərəfindən verilən dəyərdən danışmışdır. Bildirmişdir ki, dünyəvilik və tolerantlıq Azərbaycan xalqının təfəkkür tərzidir. Azərbaycanda bütün dini konfessiyaların dinc və qardaşlıq şəraitdə fəaliyyət göstərdiklərini deyən sədr müavini bu həqiqəti heç bir qüvvənin dəyişə bilməyəcəyini vurğulamışdır. Gündüz İsmayılov Dövlət Komitəsinin dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlərdən də danışmışdır. Dini maarifçilik işinin yüksək səviyyədə qurulması üçün bütün imkan və vasitələrdən istifadə olunduğunu deyən sədr müavini bu məqsədlə təhsil müəssisələrində, dini icmalarda, gənclər arasında, eyni zamanda QHT-lər vasitəsilə müxtəlif maarifləndirici tədbirlərin həyata keçirildiyini vurğulamışdır.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov mövzu ilə bağlı fikirlərini gənclərlə bölüşərək, Azərbaycanda mövcud olan multikultural mühit barədə geniş məlumat vermişdir. O qeyd etmişdir ki, multikulturalizm ölkəmizdə həyat tərzinə çevrilmişdir, fərqli dinə, mədəniyyətə, dilə hörmətlə yanaşmaq xalqımızın genetik köklərindən gələn ənənələrdir. Ruslan Əsgərov milli mənəvi, eləcə də multikultural ənənələrimizin qorunub-saxlanılmasında gənclərin üzərinə düşən vəzifələrdən də danışmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.