Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Bilik Günü”ndə yeni məktəb binası şagirdlərin istifadəsinə verilmişdir

15 sentyabr 2016 | 16:00

Təhsilin keyfiyyətinin artırılması və savadlı gələcəyin təmin olunması üçün respublimızda yeni məktəb binalarının tikintisi işi sürətlə aparılır. “Bilik günü”ndə Şamaxı rayonunun təhsil ocaqlarında əsl bayram təntənəsi yaşanmış, ən müasir tələblər səviyyəsində tikilən Elxan Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbinin yeni binasının şagirdlərin istifadəsinə verilməsi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri məktəbin direktoru Ağamustafa Teymurov açaraq məktəbin pedaqoji və şagird kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə dərin minnətdarlığını bildirmiş, qeyd etmişdir ki, 380 yerlik məktəbin binasında keyfiyyətli təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Burada tam müasir istilik, havalandırma və işıqlandırma sistemləri quraşdırılmış, yanğın təhlükəsizliyi və içməli su təminatı məqsədilə su çəni tikilmişdir. Məktəb 19 sinif otağı, fizika və kimya laboratoriyaları, kompyüter otağı, geniş akt zalı, qış idman zalı, yeməkxana və digər xidmət otaqları ilə təchiz olunmuşdur.
Sonra Mədrəsə qəsəbə ağsaqqalı Əhməd Qasımov və məktəbin müəllimi İstək Məmişova çıxış edərək ürək sözlərini söyləmiş, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbir iştirakçılarını dövlət vəsaiti hesabına tikilmiş müasir məktəb binası və yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident cənab İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs etmişdir. Qeyd etmişdir ki, hazırda Şamaxıda 72 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramından bəri həmin məktəblərdən 25 üçün yeni bina tikilmiş, 5 məktəb isə əsaslı təmir edilmişdir.
İcra başçısı çıxışının sonunda Şamaxı rayonuna göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə rayon sakinləri adından minnətdarlığını bildirmiş, pedaqoji kollektivi tədrisin keyfiyyətini yaxşılaşdırmağa, gəncləri milli ruhda tərbiyə etməyə, onları Ulu Öndər Heydər Əliyevin ideyalarına, Azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi yetişdirməyə səsləmişdir.
Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olmuşlar.

Keçidlər