Şamaxılı şəhidlərin medalları valideynlərinə təqdim edilmişdir
İyulun 23-də Şamaxıda Müdafiə Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli ordumuz milli qürurumuzdur” devizi altında vətənpərvərlik tədbiri keçirilmişdir.
Tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, rayon rəhbərliyi, veteranlar, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Silahlı Qüvvələrinin yaranması tarixindən, Ulu öndər Heydər Əliyevin ordu quruculuğunda müstəsna xidmətlərindən və bu siyasətin bu gün də Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır. Qeyd edilmişdir ki, Azərbaycan Ordusu son illərdə daha da qüdrətlənmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, ən müasir texnika, silah-sursatla təchiz olunmuşdur və Azərbaycan Silahlı Qüvvələri bu gün qarşısına qoyulan hər hansı döyüş tapşırığını yerinə yetirməyə tam qadirdir.
İcra başçısı aprel döyüşlərinin bir daha Azərbaycan Ordusunun gücünü, xalqımızın həmrəyliyini, ölkə rəhbərliyinin qətiyyətini göstərdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycan əsgəri aprel döyüşləri zamanı qazandığı uğur və qələbələrlə xalqımıza zəfər sevinci yaşatmışdır. Həmin döyüşlərdə şamaxılı vətənpərvər igidlər də qəhrəmanlıq göstərmişlər. Onlardan üç nəfəri şəhidlik zirvəsinə ucalmışdır.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan Ordusunun qüdrətindən söz açmış, Azərbaycan əsgərinin Ali Baş Komandanın əmri ilə hər an döyüşə hazır olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, şəhidlərin intiqamı düşməndən alınır və bundan sonra da alınacaq, Azərbaycan əsgəri tezliklə xalqa qələbə sevinci yaşadacaqdır.
Sonra polkovnik A.Qurbani qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan əsgərlərimizin şücaətindən danışaraq bildirmişdir ki, Şamaxı rayonunun Çuxuryurd kəndindən olan manqa komandiri Kaçayev Samir Ziyətdin oğlu “İgidliyə görə” medalı ilə, Göylər kəndindən olan əsgər Səmədov Elşən Səlim oğlu və Şamaxı şəhərindən olan Zəkərəyev Nazim Nadir oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuşlar.
Medallar tədbir iştirakçılarının alqışları altında şəhidlərin valideynlərinə təqdim edilmişdir.
Şəhid valideynləri diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra Abdulla Qurbaninin sözlərinə yazılmış mahnı və marşlar əsasında hazırlanan “Lələtəpə fatehləri”, “Bayraqtəpə qartalları” və “Qəhrəman Tərtərim” videoçarxları nümayiş etdirilmişdir. Abdulla Qurbani müəllifi olduğu “Ruhumuzun qələbəsi naminə” və “Дважды герой советского союза Ази Асланов” kitablarını rayon icra hakimiyyətinə hədiyyə etmişdir.