Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 2016-cı ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

19 iyul 2016 | 16:00

İyulun 19-da Şamaxı rayonunda 2016-cı ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.
Məruzə ətrafında rayon Suvarma Sistemləri İdarəsinin rəisi Vahid Əliyev, rayon Baytarlıq İdarəsinin rəisi Kamran Bəkirov, Ağsu Regional Qİİ-nin Şamaxı Xidmət Sahəsinin rəisi İkram Məhərrəmov, Şamaxı Elektrik Şəbəkəsinin rəisi Şahin Xəlilov və rayon Sukanal İdarəsinin rəisi Eldəniz Şeydayev çıxış etmişlər. Ümumilikdə 2016-cı ilin birinci yarımilinin yekunları rayonumuz üçün müsbət qiymətləndirilmişdir.
Çıxışı zamanı rayon İcra Hakimiyyətinin başçısı 2016-cı ilin birinci yarısında rayonda qarşıya qoyulmuş vəzifələrin icrasının əsasən təmin edildiyini bildirmiş, qeyd etmişdir ki, ilkin hesablamalara görə altı ay ərzində rayonda 58,5 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuş, sənaye məhsulunun həcmi 2,5 milyon  manat, əsas kapitala yönəldilən investisiyaların həcmi 2,1 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 2,1 milyon manat təşkil etmişdir. Ötən altı ayda pərakəndə əmtəə dövriyyəsi 100,9 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 24 milyon manat olmuşdur.
Prezident cənab İlham Əliyevin ölkədə iqtisadi durumun yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarını xüsusi vurğulayan icra başçısı bu tapşırıqların icrasını təmin etmək məqsədilə rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradıldığını və ötən müddət ərzində bu istiqamətdə mühüm işlər görüldüyünü diqqətə çatdırmış, 2016-ci ilin altı ayında rayon üzrə 951 daimi iş yeri açıldığını qeyd etmişdir. 2003-cü ildən indiyə kimi rayon üzrə 13091 iş yeri yaradılmışdır ki, bunun da 10420 daimi iş yeridir.
Qeyd olunmuşdur ki, rayon iqtisadiyyatında əsas yeri kənd təsərrüfatı sahəsi tutur. Görülən tədbirlər nəticəsində bu ilin altı ayı ərzində bu sahədə 22.6 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bunun 15,8 milyon manatı heyvandarlıq məhsullarının, 6,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. 2016-cı ilin məhsulu üçün olan əkinlər rayonda 23163,5 hektar olmuşdur ki, bunun da 21165,5 hektarı strateji məhsul olan dənlilərin payına düşür. 01.07.2016-cı il tarixə rayonda 9897 hektar sahənin taxılı biçilmişdir. Hazırda rayonun kənd və qəsəbələrində dənlilərin biçin kampaniyası sürətlə davam etdirilir. Bu günə kimi rayonun kənd və qəsəbələrindən 16066 ton arpa, 17786 ton isə buğda 16739 hektar sahədən biçilmişdir. Hər hektara orta məhsuldarlıq 18,0 sentner olmuşdur.
Bildirilmişdir ki, keçən əsrin 70-80-ci illərində Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmiş Şamaxı hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlətimizin başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Fermerlərimiz tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınaraq bu gəlirli sahə 1632 hektara çatdırılmışdır. Bundan əlavə Meysəri kəndinin ərazisində yerləşən “Şirvan şərabları” müəssisəsində bu ilin altı ayı ərzində 51 hektar yeni üzüm bağı, 20 hektar isə yeni meyvə bağı salınmışdır. Hazırda həmin müəssisədə üzüm və meyvə bağlarının əkini davam etdirilir.
Qeyd edilmişdir ki, cari ilin altı ayında tarixi şəhər olan Şamaxının mərkəzi küçələrində yenidənqurma və abadlıq işlərinə artıq start verilmiş, sosial problemlərin həll edilməsi uğurla davam etdirilmişdir.
Ötən dövr ərzində rayonun Şərədil kəndində 80 şagird yerlik tam orta məktəbin inşası başa çatdırılaraq məktəblilərin istifadəsinə verilmiş, Mədrəsə qəsəbəsində 380 şagird yerlik tam orta məktəb binasının tikintisinin son tamamlama işləri aparılır, 5 saylı 100 yerlik uşaq bağçası-körpələr evinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün nəzərdə tutulmuş 36 mənzilli yaşayış binasının inşaası davam etdirilmişdir. 220 şagird yerlik Meysəri kənd orta məktəbinin tikintisi üçün layihə sənədləri hazırlanır. Bundan əlavə S.Ə.Şirvani küçəsində inşası nəzərdə tutulan yeni 100 yerlik uşaq bağçası-körpələr evinin layihə sənədləri hazırlanmışdır. Kərkənc kənd məktəbində idman zalının tikintisi başa çatmaq üzrədir.
2016-cı ilin birinci yarısında rayon ərazisində yeni qazlaşma, təmir bərpa və əsaslı təmir işləri davam etdirilmişdir. Hazırda rayonun 41 yaşayış məntəqəsində 18203 abonent təbii qazla təmin olunur ki, bu da rayonda olan 20067 təsərrüfatın 90 faizini təşkil edir.
Ölkəmizin bir çox bölgəsində olduğu kimi Şamaxıda da turizmin inkişaf etdirilməsi ilə bağlı işlər sürətlə aparılır. İstər tarixi keçmişi, istərsə də, coğrafi şəraiti baxımından turizm üçün olduqca əlverişli zona olan Şamaxıya gələn turistlərin, həmçinin istirahət mərkəzlərinin sayı ilbəil artır. Bu ilin ötən dövrü ərzində rayona 31 min turist gəlmişdir.
Turizmin inkişafı məqsədi ilə rayon İcra Hakimiyyətinin sifarişi ilə rayonun Dəmirçi kəndi ilə İsmayıllı rayonunun Lahıc kəndini birləşdirəcək 22 km-lik avtomobil yolunun tikintisinə başlanmışdır. Hazırda yolun tikintisi sürətlə davam etdirilir və bu il layihənin başa çatdırılması nəzərdə tutulmuşdur.
2016-cı ilin ötən ayları ərzində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər, ən əsası bir çox sosial problemlərin uğurlu həlli nəticəsində rayonda ictimai-siyasi sabitlik  davam etmişdir. Rayonda mütamadi qaydada aparılan bu və ya digər tədbirlər öz müsbət təsirini göstərməkdədir.
Yığıncaqda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

Keçidlər