Şriftin ölçüsü :

Saytın rəngi :

16.10.2012 - 2012-ci ilin doqquz ayının sosiai-iqtisadi inkişafının yekunları rayonda müzakirə olunmuşdur.

17 oktyabr 2012 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar oktyabrın 16-da rayon icra hakimiyyətinin akt zalında müşavirə keçirilmişdir. Müşavirədə Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Asif Məmmədov rayon üzrə 2012-ci ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişdir. Həmçinin tədbirdə Şamaxı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Həsən Qocayev və 9 saylı yol istismar idarəsinin rəisi Ədalət Ömərov çıxış etmişlər. Müşavirədə qeyd olunmuşdur ki, 2012-ci ilin doqquz ayı ölkəmiz üçün uğurla başa çatmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və çevik siyasət nəticəsində ölkəmizdə cari ilin doqquz ayı ərzində qarşıya qoyulan bütün vəzifələr uğurla həyata keçirilmişdir. Sonra əsas diqqət ötən doqquz ay ərzində rayonda görülmüş işlərə yönəldilmişdir. Bildirilmişdir ki, 2012-ci ilin doqquz ayı rayonumuz üçün də uğurlu olmuşdur.
Həmin dövr ərzində rayonda 115,1 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 milyon manat və yaxud 1,5 faiz çoxdur. Cari ilin doqquz ayı ərzində rayonda sənaye məhsulunun həcmi 3,2 milyon manat, kapitala yönəldilən investisiyaların həcmi 37,8 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 94,8 miyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 22,3 milyon manat olmuşdur. İlin əvvəlindən bəri rayon üzrə 503 daimi iş yeri açılmışdır.
Qeyd olunmuşdur ki, rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi mühüm yer tutur. Görülən məqsədyönlü tədbirlər nəticəsində bu ilin doqquz ayı ərzində bu sahədə 36844,7 min manatlıq məhsul istehsal edilmişdir.
Müşavirədə rayonda aparılan quruculuq-abadlıq işlərinə toxunan Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı Asif Məmmədov şəhərin abadlaşdırılması, və bir sıra mövcud sosial problemlərin mərhələ-mərhələ həll edildiyini xüsusi qeyd etmişdir.
2012-ci ildə təhsil sahəsinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi məqsədilə əsaslı işlərin görüldüyü,ötən doqquz ay ərzində Göylər kəndində 360, Həmyəli kəndində 180, Kərkənc kəndində 120, Qonaqkən kəndində 80 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilməsi, bundan əlavə Böyük Xınıslı, İkinci Çaylı, Cabanı və Hacılı kəndlərinin hər birində 80 şagird yerlik məktəb binalarının tikintisinin davam etdirilməsi bildirilmişdir.
Müşavirənin sonunda tədbir iştirakçıları rayonumuzun sakinləri adından ölkə Prezidenti cənab İlham Əliyevi əmin etmişlər ki, Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında, xüsusilə dövlətimizin başçısının nitqlərində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi üçün Şamaxı rayonunda bütün qüvvə və imkanlar maksimum səfərbər ediləcəkdir.
 

Keçidlər