Şəki Dövlət Dram Teatrı Şamaxıda
İyulun 4-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı kollektivi Şamaxıda Əhməd Orucoğlunun “Oğru” komediyası əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı teatrsevərlərə təqdim etmişdir.
Əbülfət Salahovun quruluş verdiyi tamaşada insanların ehtiyac üzündən düzgün yoldan yayınması, evlərə qənim kəsilən oğrunun başına gələn əhvalatlardan bəhs edilir. Səhnəyə qoyulduğu ilk gündən geniş tamaşaçı rəğbəti qazanan səhnə əsərinin sonunda haqq öz yerini tapır, ifşa olunan oğru peşmançılıq hissi keçirir.
Səhnə əsərində əsas rolları Əməkdar artist İqrar Salamov, Xanlar Həşimzadə, Brilyant Babayeva, Çinarə Səmədova və başqaları ifa etmişlər.
Rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilmiş tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanmışdır.