Şriftin ölçüsü :

Saytın rəngi :

Milli iqtisadiyyatın strateji yol xəritəsi Şamaxıda ictimai müzakirəyə çıxarılmışdır

25 iyun 2016 | 16:00

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədinin ictimai müzakirələri davam edir. Bu silsilədən növbəti tədbir 25 iyun 2016-cı il tarixdə Şamaxı şəhərində Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan Şamaxı, Ağsu və İsmayıllı rayonlarının nümayəndələrinin iştirakı ilə keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qonaqları salamlayaraq ölkəmizdə, o cümlədən rayonda iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışmışdır.
Sonra Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, Mərkəzi Bankın İdarə Heyəti sədrinin 1-ci müavini Alim Quliyev və İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Emil Qasımov məruzə ilə çıxış etmişlər. Tədbirdə 300-ə yaxın ictimaiyyət nümayəndəsi, o cümlədən bölgənin ziyalıları və sahibkarları iştirak etmişlər.
Çıxışlardan sonra diskussiya şəraitində davam etdirilmiş tədbirdə ziyalıların, sahibkarların sualları cavablandırılmış, təklifləri dinlənilmişdir. Xüsusilə də, Şirvan iqtisadi rayonu üçün xarakterik olan iqtisadi inkişafa dair təkliflərin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədində əksini tapması üçün təkliflər səsləndirilmişdir. Bölgənin ziyalıları iqtisadiyyat üçün əsas yol xəritəsinin müzakirəsində bütün tərəflərin iştirakının təqdirəlayiq olduğunu qeyd etmişlər.

Keçidlər