Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda « Narkotiklərə yox deyək » mövzusunda elmi-praktik konfrans keçirilmişdir

24 iyun 2016 | 16:00

Şamaxıda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirlər çərçivəsində “Narkotiklərə yox deyək” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında keçirilmiş tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyası sədri Qasım Qasımov, rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, ali təhsil müəssisəsinin pedaqoji kollektivi və tələbələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının sədri Qasım Qasımov rayonda yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişafı, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra narkomaniyanın fəsadları ilə bağlı qısametrajlı “Mayak” filmi nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən rayon Polis Şöbəsi rəisinin müavini Polad Qarayev, rayon prokurorunun müavini Tural Kərimov, rayon mərkəzi xəstəxanasının qəbul şöbəsinin müdiri Yasin Cabbarov, rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında müəllimi Çingiz Dadaşov, filialın tələbəsi Fəridə Əzimzadə və başqaları çıxış edərək “ağ ölümə” qarşı dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışmış, rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermişlər.
Konfransda xüsusi olaraq qeyd edilmişdir ki, narkomaniya ilə mübarizə həm də hər bir vətəndaşın mənəvi borcudur, narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir.

Keçidlər