Şamaxıda meksikalı rəssam Marqarita Moralesin fərdi yaradıcılıq sərgisi açılmışdır
Şamaxıda Mədəniyyət və Turizm Nazirliyinin, Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə məşhur meksikalı rəssam Marqarita Moralesin “Rənglərin simfoniyası” adlı fərdi yaradıcılıq sərgisi açılmışdır.
Rayon Mədəniyyət Mərkəzində açılan fərdi yaradıcılıq sərgisində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini, rəssam Marqarita Morales və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov sərginin Şamaxı sakinləri və rayona gələn turistlərin böyük marağına səbəb olduğunu bildirmiş, bu cür tədbirlərin sənətsevərlərə dünya mədəniyyəti, incəsənəti və insanları ilə daha yaxından tanış olmaq, dünya xalqlarının milli koloritini dərindən duymaq imkanı yaratdığını vurğulamışdır.
Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini çıxış edərək Səfirliyin təşəbbüsü ilə ölkə mədəniyyətinin müxtəlif sahələri ilə bağlı keçirilən tədbirlərin nəticəsində Azərbaycan ictimaiyyətinin Meksika ənənələrini daha yaxından tanımaq fürsətini əldə etdiyini qeyd etmiş, belə tədbirlərin ölkələr arasında məsafəyə baxmayaraq, hər iki xalqın qarşılıqlı olaraq daha da yaxınlaşmasına, mədəni əlaqələrin inkişafına, ikitərəfli münasibətlərin möhkəmlənməsinə töhfə verdiyini bildirmişdir.
Mədəniyyət sahəsi ilə yanaşı digər sektorlarda ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcud olduğunu diqqətə çatdıran səfir Meksika ilə Azərbaycanın coğrafi yerləşmələri tam fərqli olmaqlarına baxmayaraq ölkələr arasında bir çox oxşarlıqların olduğunu qeyd etmişdir.
Rodriqo Labardini tanınmış rəssam Marqarita Morales barədə məlumat verərək bildirmişdir ki: “Rəssamın yaradıcılığının formalaşmasında ənənəvi Meksika mədəniyyəti ilə yanaşı, müasir incəsənətin müxtəlif üslublarının təsiri də duyulmaqdadır. Moralesin əsərləri Meksika, Berlin, Madrid, Nyu-York və dünyanın bir çox muzey və qalereyalarında, həmçinin paytaxt Bakı ilə yanaşı, respublikanın bir neçə şəhərində də nümayiş olunmuşdur.
Sonra rəssam Marqarita Morales sərginin təşkilində göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir. O, Azərbaycanın ən qədim mədəniyyət və elm mərkəzlərindən biri olan Şamaxıda əsərlərinin sərgilənməsindən məmnun olduğunu ifadə etmişdir.
Daha sonra sərgi iştirakçıları rəssasım əlvan rəng çalarları və heyranedici enerji ilə zəngin abstrakt mövzuda ərsəyə gətirdiyi əsərlərlə yaxından tanış olmuşlar.
Sərgi iyunun 27-dək davam edəcəkdir.