Şamaxının Şərədil kəndində yeni məktəb binası istifadəyə verilmişdir
Martın 19-da Şamaxı rayonunun Şərədil kəndində 80 şagird yerlik ümumi orta məktəb binası istifadəyə verilmişdir. İnşasına ötən ilin avqustunda başlanan yeni tədris ocağı Təhsil Nazirliyinin sifarişi ilə tikilmişdir.
Tədrisin müasir standartlar səviyyəsində təşkili üçün hər cür lazimi şəraitin olduğu birmərtəbəli binada 9 sinif otağı, kimya və fizika laboratoriyaları, kitabxana, idman və akt zalları, əmək təlimi otağı, yeməkxana və digər tədris-təsərrüfat otaqları var.
Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov respublikamızda təhsilin inkişafına göstərilən dövlət qayğısından, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışmışlar. Vurğulanmışdır ki, hazırda Şamaxıda 72 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramından bəri rayonda ümumtəhsil məktəbləri üçün 24 yeni bina tikilmiş, 5 məktəb əsaslı təmir edilmişdir. Hazırda Mədrəsə qəsəbə ümumi orta məktəbi üçün inşa olunan 380 şagird yerlik yeni məktəb binasında son tamamlama işləri görülür.
Açılış mərasimində çıxış edən valideynlər, ziyalılar regionların, o cümlədən kənd yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda qonaqlar yeni tədris ocağında yaradılan şəraitlə tanış olmuşlar.