Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində aparılan işlər və qarşıda duran vəzifələrə dair rayon müşavirəsi keçirilmişdir

16 iyun 2016 | 16:00

Bölgələrdə kənd təsərrüfatı işlərinin gedişi, bu sahənin inkişafı ilə əlaqədar mövcud ehtiyatların araşdırılması məqsədilə yaradılan işçi qrupunun iyunun 16-da Şamaxıda sahibkarların, fermerlərin və mütəxəssislərin iştirakı ilə geniş müşavirəsi keçirilmişdir.
İşçi qrup əvvəlcə rayonun Mədrəsə qəsəbəsi ərazisində 2008-ci ildə yaradılan “Mədrəsə Aqro” MMC-nin fəaliyyəti ilə tanış olmuşdur. MMC vaxtilə Şamaxıda iqtisadiyyatın əsasını təşkil edən üzümçülüklə məşğuldur. Burada hazırda 185 hektar məhsuldar, 150 hektar yeni üzüm bağları var və onların becərilməsi ilə 150 nəfər məşğuldur. İşçilər əsasən Mədrəsə qəsəbəsinin və Şamaxı şəhərinin sakinləridir. Bundan əlavə, mövsümü işlərə daha 150 işçi cəlb edilmişdir. Mövcud çətinliklər və perspektivlər barədə fikir mübadiləsindən sonra işçi qrup müəssisənin qablaşdırma sexi və 10 min tonluq soyuducu kameranın fəaliyyəti ilə tanış olmuşdur.
Sonra qonaqlar Meysəri kəndi ərazisindəki “Şirvan şərabları” MMC-nin və Şəhriyar qəsəbəsi ərazisində “Azqranata” MMC-nin üzüm plantasiyalarına baxış keçirmişlər.
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilən müşavirəni açan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev rayonda iqtisadiyyatın ayrı-ayrı sahələri, o cümlədən sovetlər birliyi dövründə 27 min hektar üzüm plantasiyaların olduğu Şamaxıda son vaxtlar bu sahənin inkişafı ilə əlaqədar görülən işlərdən danışmış və vurğulamışdır ki, hazırda bağların sahəsi 1632 hektara çatır.
İcra başçısı qeyd etmişdir ki, rayonda 112 min 500 hektar əkinəyararlı torpaq sahəsi mövcuddur. Ötən il 2150 hektar sahədə payızlıq əkin aparılmışdır. İri təsərrüfatların fəaliyyətinin daha səmərəli olduğunu qeyd edən icra hakimiyyətinin başçısı “Kürdəmir süd emalı” MMC-nin icarəyə götürdüyü 2723 hektar sahədə iri taxılçılıq təsərrüfatının yaradıldığı, qış otlaq sahələrində 2000 başlıq heyvandarlıq kompleksinin tikintisinin nəzərdə tutulduğunu bildirmişdir. Habelə Sabir qəsəbəsi ərazisində “Gilan Holdinq” tərəfindən 1200 başlıq heyvandarlıq kompleksinin tikintisinə hazırlıq görüldüyünü diqqətə çatdırmışdır.
Müşavirədə işçi qrupun rəhbəri, Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək dövlətimizin başçısının bölgələrdə kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyduğu konkret vəzifələrdən, bu sahəyə göstərilən dövlət qayğısından danışmışdır. İşçi qrupunun fəaliyyət istiqamətlərini şərh edən şöbə müdiri bildirmişdir ki, qrup tərəfindən indiyədək 30 rayonda kənd təsərrüfatının inkişaf perspektivləri araşdırılmış və bununla bağlı müşavirələr keçirilmişdir. Hər yerdə aqrar sektorda canlanma nəzərə çarpır. Xüsusilə pambıqçılıq rayonlarında bu canlanma daha çox müşahidə edilir.
A.Əmiraslanov ölkədə aqrar sektorun inkişaf istiqamətlərindən, bu sahəyə göstərilən dövlət qayğısından danışaraq Şamaxıda taxılçılıq və heyvandarlıqla yanaşı, üzümçülüyün, arıçılığın, bağçılığın böyük perspektivlərindən bəhs etmiş və bu gəlirli sahələrdə görüləsi konkret işlərdən danışmışdır.
Sonra müşavirə diskussiya şəraitində davam etdirilmişdir. Fermerlərin, sahibkarların sualları cavablandırılmışdır.
Müşavirədə rayonun 15 min hektar qış otlaq sahələrinin təyinatının dəyişdirilərək əkin torpaqları kateqoriyasına keçirilməsi, bələdiyyənin ehtiyat fondunun əkinəyararlı torpaqlarının icarəyə verilməsi şərtlərinin sadələşdirilməsi, rayonda “Aqrolizinq” ASC-nin Qobustan regional nümayəndəliyinin Şamaxı bölməsində şum traktorlarının, kombaynların sayının artırılması, rayonda üzüm və süd məhsullarının emalı müəssisələrinin, yun qəbulu məntəqəsinin açılması və sair barədə təkliflər səsləndirilmişdir. Verilən təkliflər araşdırılmaq üçün nəzarətə götürülmüşdür.

Keçidlər