Şamaxıda insan hüquqları ilə bağlı Milli Fəaliyyət Proqramının icrası və qarşıda duran vəzifələr müzakirə edilmişdir
Şamaxıda “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə ictimai dinləmə keçirilmişdir.
Rayon rəhbərliyi və Ombudsman Elmira Süleymanova əvvəlcə Ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin, ərazi icra nümayəndəliklərinin, məhkəmə, polis, prokurorluq orqanlarının, dairə seçki komissiyası və bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, fəal gənclər, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayon Mədəniyyət Mərkəzində keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq ölkəmizdə insan hüquqlarının təmin edilməsinin dövlətin ali məqsədlərindən biri olduğunu vurğulamış, bu sahədə rayonda görülən işlər barədə məlumat vermişdir.
Sonra insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilmişdir.
İnsan hüquqlarının təmin edilməsinin ölkəmizdə gedən demokratik proseslərin tərkib hissəsi kimi, daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayan Elmira Süleymanova bu hüquqların gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə geniş əksini tapdığını diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, müasir dövrdə insan hüquq və azadlıqlarının təmini və səmərəli şəkildə müdafiəsi, həmçinin qanunvericilikdə təsbiti hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm faktoruna çevrilmişdir.
Ombudsman Ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın ölkəmizdə insan hüquqları sahəsində ilk proqram olduğunu bildirmişdir. Həmçinin diqqətə çatdırılmışdır ki, Prezident cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən Milli Fəaliyyət Proqramı 2006-cı ildən uğurla davam etdirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamıdır. Yeni Proqram insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasının ən mühüm istiqamətlərini müəyyən edir.
Ombudsman daha sonra Milli Fəaliyyət Proqramının icrası sahəsində görülən işlər, insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışmışdır.
Məruzə ətrafında çıxışlardan sonra Elmira Süleymanova iştirakçıların suallarını cavablandırmışdır.