Şamaxıda kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirilmişdir
Mayın 16-da Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirilmişdir.
Şamaxı, Qobustan və Ağsu rayonlarının icra hakimiyyətləri başçılarının müavinləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və onların müavinləri, yerli statistika orqanlarının rəhbərləri, uçot sənədlərinin aparılmasına məsul olan şəxslərin iştirakı ilə keçirilmiş müşavirənin başlıca məqsədi Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi və aparılması ilə bağlı məsul şəxslərin təlimatlandırılmasıdır.
Zona müşavirəsini giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başcısı Asif Ağayev əvvəlcə qonaqları salamlamış və müşavirənin Şamaxıda keçirilməsinə görə təşkilatçılara öz təşəkkürünü bildirmişdir.
Sonra çıxış edən Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin bütün iqtisadi sahələri, o cümlədən kənd təsərrüfatı üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən zəruri islahatlar həyata keçirilir, beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı üçün müvafiq tədbirlər görülür. Bu istiqamətdə aparılan irihəcmli işlərdən biri də kənd təsərrüfatı statistikasının təşkili üçün mühüm informasiya mənbəyi olan və kənd yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsidir.
Qeyd olunmuşdur ki, yeni uçot sənədlərinin vaxtında və yüksək keyfiyyətlə tətbiq edilməsi kənd təsərrüfatının və ölkə iqtisadiyyatının inkişafına dair qərarların qəbulu üçün dəqiq məlumatların hazırlanmasına imkan verəcək, hər bir təsərrüfat üzrə məlumatların toplanması dövlət dəstəyinin daha ünvanlı şəkildə göstərilməsinə yardım edəcək, məlumatların birbaşa mənbədən əldə edilməsi ölkə əhalisinin ərzaq məhsulları ilə təminat səviyyəsinin daha ətraflı öyrənilməsinə xidmət edəcək, rəqabət qabiliyyətli məhsulların müəyyən olunmasına, ölkənin ixracat potensialının qiymətləndirilməsinə nail olunacaq. Həmçinin, bu məlumatlardan kənd təsərrüfatı və əhali siyahıyaalınmalarında, eləcə də seçici siyahılarının dəqiqləşdirilməsində istifadə ediləcək, torpaqlardan səmərəli istifadə, məhsuldarlığın qiymətləndirilməsi və digər məlumatlar torpaq sahələrinə dair peyk məlumatları ilə uzlaşdırılacaq.
Sonra kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydaları slaydlar vasitəsi ilə tədbir iştirakçılarına təqdim olunmuşdur.
Tədbir iştirakçılarının sualları cavablandırıldıqdan sonra Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov çıxış edərək təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı yerli icra hakimiyyətlərinin və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin qarşısında duran vəzifələrdən ətraflı danışmış və onları bu sahəyə xüsusi həssaslıqla yanaşmağa dəvət etmişdir.