Şriftin ölçüsü :

Saytın rəngi :

"Tour d’Azerbaidjan-2016" veloyürüşünün 4-cü mərhələsinə Şamaxıda yekun vurulub

07 may 2016 | 16:00

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d'Azerbaïdjan-2016" veloyürüşünün 4-cü mərhələsinə Şamaxıda yekun vurulub.
Kifayət qədər mürəkkəb dağ mərhələsi sayılan 4-cü yarış günündə iştirakçılar saat 10:30-da Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürüblər və 115,3 km məsafə qət etdikdən sonra Şamaxıda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər.
Marşrutu 2 saat, 54 dəqiqə, 33 saniyəyə başa vuran Birləşmiş Ərəb Əmirliklərinin "NASR Dubai" komandasının italiyalı üzvü Luka Vakerman finişi onunla eyni vaxtda keçən 3 nəfərlik kiçik qrupda hamını qabaqlayıb. 2-ci yerə Qazaxıstanın "Astana City" klubunun üzvü Nikita Stalnov layiq görülüb. İlk 3-lüyü isə Portuqaliyanın "Tavira" komandasının italiyalı velosipedçisi Rinaldo Noçentini tamamlayıb.
Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev təqdim ediblər.

Keçidlər