Rabitə və yüksək texnologiyalar naziri Şamaxıda vətəndaşlarla görüşmüşdür
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 5-də Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlarla görüşmüşdür.
Nazir Ramin Quluzadə əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevlə şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir.
Qəbul zamanı telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər üstünlük təşkil etmişdir.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapmış, nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınmışdır. Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir.
Qəbuldan sonra nazir Ramin Quluzadə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevlə birgə bu ilin aprel ayının əvvəlində cəbhədə gedən ağır döyüşlər zamanı şəhid olmuş Şamaxıdan olan əsgərlərin ailə üzvlərini ziyarət etmişdir.