Şamaxıda əhalinin tibbi müayinəsi yüksək mütəşəkkilliklə davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın bütün rayonlarında olduğu kimi, Şamaxıda da əhalinin tibbi müayinəsi yüksək mütəşəkkilliklə davam edir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın rayonda yüksək səviyyədə keçirilməsi üçün xüsusi komissiya yaradılmış, ayrı-ayrı yaşayış məntəqələri, idarə, müəssisə və təşkilatlar üzrə qrafik tərtib olunmuşdur.
Tibbi müayinələrin keçirilməsi üçün mərkəzi rayon xəstəxanasında və Müalicə Diaqnostika Mərkəzində ciddi hazırlıq işləri görülmüş, tibb ocaqları bütün lazımi avadanlıqlarla təchiz edilmiş, əhalinin kütləvi dispanserizasiyasının yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılmışdır.
Fevralın 15-dən bugünədək 18 yaşdan yuxarı 53 minə yaxın vətəndaş və 79 idarə, müəssisə və təkşilatın kollektivi tibbi müayinədən keçirilmişdir. Onlardan 5463 nəfəri ambulator, 91 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 132 nəfəri isə müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.
Tibbi müayinədən keçən rayon sakinləri yaradılan şəraitdən, işin təşkilindən razı qaldıqlarını, əhalinin sağlamlığına göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Rayon İcra Hakimiyyəti tibbi müayinələrin mütəşəkkil keçirilməsi və aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında təbliğat işini davam etdirir.
Əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi may ayının 15-dək davam etdiriləcəkdir.