Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə rayonun Quşçu kəndində artezian quyusunun qazılması üçün monitorinq keçirilmişdir
Şamaxı rayonunda əhalinin su təchizatının yaxşılaşdırılması üçün Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Quşçu kəndində artezian quyusunun qazılması məqsədilə monitorinq keçirilmişdir.
Monitorinqdə Səfirliyin və rayon İcra Hakimiyyətinin əməkdaşları, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndələri iştirak etmişlər.
Qonaqlar əvvəlcə rayon İcra Hakimiyyətində icra başçısı Asif Ağayev tərəfindən qəbul edilmişlər. Görüşdə rayon rəhbəri Şamaxının tarixi və mədəniyyəti barədə məlumatlar vermiş, rayonun inkişafından, son vaxtlar həyata keçirilən layihələrdən, fəaliyyət göstərən müəssisələrdən danışmışdır.
Səfirliyinin rəsmisi Tsuda Mikki Yaponiya-Azərbaycan əlaqələrindən söz açaraq, təmsil etdiyi ölkənin respublikamızda reallaşdırdığı layihələr və gələcəkdə nəzərdə tutlan işlər barədə geniş məlumatlar vermişdir.
Görüşdən sonra rayonun Quşçu kəndində artezian quyusunun qazılması nəzərdə tutulan əraziyə baxış keçirilmişdir.
Ümumilikdə 200-dən çox ailənin bəhrələnəcəyi artezian quyusu vasitəsilə kənd əhalisinin içməli suya olan tələbatının ödənilməsi nəzərdə tutulmuşdur.