Rayon İcra Hakimiyyətinin başçısı Məlcək kəndində sakinlərlə görüşmüşdür
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü rayonunun Məlcək kəndində keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinlərinin iştirak etdiyi qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev kənd sakinlərini salamlamış, son illər respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Rayon rəhbəri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Sonra kənd sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət etmişlər. Çıxış edən vətəndaşlar əvvəlcə respublikamızda, rayonda, eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhalinin daim dövlət qayğısını hiss etdiklərini qeyd etmiş, əhalinin tibbi müayinəsinin aparılması kampaniyasının bu il də davam etdirilməsinə, kəndin fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təminatına, həmçinin son illər ardıcıl olaraq əmək haqqı və təqaüdlərin artırılmasına, sosialyönümlü layihələrin icrasının davam etdirilməsinə, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi ilə həyata keçirilən uğurlu tədbirlərə görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Həmçinin kənd sakinlərindən Almaz Dəmirova kənd ümumi orta məktəbi üçün yeni binanın tikilməsinə, Xuraman Dadaşova kənddə tibb məntəqəsinin açılmasına, İmran Eynalov isə kənddə qəzalı vəziyyətdə olan elektrik xətləri və dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Məlcək kəndində keçirilən səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.