Şamaxı rayonunda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
14 aprel 2016-cı il tarixdə Şamaxı rayonunda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.
Şamaxı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Tərlan Xəlilov, Şamaxı Elektrik Şəbəkəsinin rəisi Şahin Xəlilov və rayon Məşğulluq Mərkəzinin direktoru Ceyhun Səmədov məruzə ətrafında müzakirələrdə iştirak etmişlər. Ümumilikdə 2016-cı ilin birinci rübünün yekunları rayonumuz üçün müsbət qiymətləndirilmişdir.
Çıxışı zamanı rayon İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, aprelin 2-nə keçən gecədən başlayaraq bütün cəbhə boyu ərazilərimizdə baş verən hadisələr Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatıdır və ordumuz bu təxribatın qarşısını müvəffəqiyyətlə almış, torpaqlarımızı qorumaqla bərabər, öz hərbi mövqelərində daha da möhkəmlənmişdir. Gedən döyüşlərdə üçü Şamaxı rayonundan olmaqla, onlarla əsgər və zabitimizin şəhid olduduğunu vurğulayan icra başçısı, şəhidlərimizlə hər bir azərbaycanlının fəxr etdiyini bildirmişdir.
Prezident cənab İlham Əliyevin ölkədə iqtisadi durumun yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarını xüsusi vurğulayan icra başçısı bu tapşırıqların icrasını təmin etmək məqsədilə rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradıldığını və ötən müddət ərzində bu istiqamətdə mühüm işlər görüldüyünü diqqətə çatdırmışdır.
İcra başısı bildirmişdir ki, rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi əsas yer tutur və görülən tədbirlər nəticəsində bu ilin üç ayı ərzində bu sahədə 7,6 milyon manatlıq məhsul istehsal edilmişdir. Keçən əsrin 70-80-ci illərində Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmiş Şamaxıda bu sahənin inkişafına xüsusi diqqət göstərilir və hazırda rayon üzrə üzümlüklərin sahəsi 1632 hektara çatdırılmışdır.
Çıxışının sonunda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qeyd etmişdir ki, aprelin 9-da keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, xüsusilə dövlətimizin başçısının nitqlərində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi üçün rayonumuzda bütün qüvvə və imkanlar maksimum səfərbər ediləcəkdir.
Yığıncaqda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, aparılması nəzərdə tutulan abadlıq işləri, və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.