Dağlıq Qarabağla əlaqədar Ağ Evdə yayılan petisiya ilə bağlı Şamaxı gəncləri ilə görüş keçirilmişdir
Bu gün Şamaxı Rayon İcra Hakimiyyətində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə Dağlıq Qarabağla əlaqədar Obama Administrasiyasına ünvanlanan petisiya ilə bağlı rayonun fəal gəncləri ilə görüş keçirilmişdir.
Görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad olunmuş, şamaxılıların şəhidlərimizlə fəxr etdiyi, ermənilərin heç bir təxribatının Azərbaycan xalqının, ordumuzun mübarizə əzmini qıra bilməyəcəyi vurğulanmışdır.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov çıxış edərək son hadisələrin Ermənistanın ölkəmizə qarşı növbəti təxribatı olduğunu qeyd etmiş, Ermənistanın beynəlxalq təşkilatların qərar və qətnamələrini saymadığını bildirmişdir. Natiq Şamaxının millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bu təşəbbüsünün çox mühüm zamanda irəli sürüldüyünü vurğulayaraq Şamaxı gənclərini səsvermədə fəal iştirak etməyə çağırmışdır.
Görüşdə petisiyanın həyata keçirilməsi ilə bağlı rayon üzrə koordinator Təbriz Qəniyev səsvermə qaydaları barədə ətraflı məlumatlar vermiş, gənclərin suallarını cavablandırmışdır.
Şamaxılı gənclər hər zaman olduğu kimi, dövlətmizin ətrafında sıx birləşdiklərini bildirmiş, petisiyaya səsvermədə fəal iştirak edəcəklərini vurğulamışlar.