Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxılılar daha iki şəhid əsgərini torpağa tapşırıb

09 aprel 2016 | 16:00

Cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun 19 yaşlı əsgərləri, Zəkərəyev Nazim Nadir oğlu və Səmədov Elşən Səlim oğlu bu gün anadan olduqları Şamaxı rayonunda torpağa tapşırılmışdır.
Müdafiə Nazirliyinin, Şamaxı Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və minlərlə şamaxılı şəhidlərin son mənzilə yola salınması mərasimlərində iştirak etmişdir.
Şamaxı şəhərində anadan olmuş şəhid əsgərimiz Zəkərəyev Nazim Nadir oğlu Şamaxı şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur.
“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” mövzusunda Şamaxıda keçirilən III Beynəlxalq elmi konfransın nümayəndələri də mərasimdə iştirak etmişlər.
Şəhidlə vida mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı vermiş, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş əsgərlərimizin xatirəsinin şamaxılıların qəlbində həmişə yaşayacağını bildirmişdir.
Sonra Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Türkiyə, Gürcüstan, Rusiya, Almaniya və bir çox ölkələrin konfrans iştirakçıları, şəhidin təhsil aldığı Şamaxı Avropa liseyinin direktoru və rayon ziyalıları çıxış edərək Azərbaycan xalqının tarixi düşməni olan ermənilərin XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılması üçün azərbaycanlıların öz torpaqlarından çıxarılması, dəhşətli işgəncələrlə öldürülməsi, soyqırımına məruz qoyulması faktını bir daha pisləmiş, Ermənistan ordusunun işğal etdiyi tarixi Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini vurğulamışlar.
Rayonun Göylər kəndində anadan olmuş şəhid əsgərimiz Səmədov Elşən Səlim oğlu doğulduğu kənddə dəfn olunmuşdur.
Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ağsaqqal və ziyalılar şəhidlərimizlə fəxr etdiklərini, ermənilərin heç bir təxribatının Azərbaycan xalqının, ordumuzun mübarizə əzmini qıra bilməyəcəyini xüsusi vurğulamışlar.
Şəhidin atası Səlim Səmədov oğul itkisinin ağır olmasına baxmayaraq Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini, Şəhidimizin arzusunun isə hər bir vətənini sevən azərbaycanlı kimi Qarabağda bayrağımızı dalğalandırmaq olduğunu bildirmişdir.
Şəhid məzarlarına əklillər və gül dəstələri düzülmüş, cənazələrin üzərinə çəkilmiş Azərbaycanın üçrəngli bayrağı əbədi xatirə saxlanılması üçün şəhidlərin ailələrinə təqdim olunmuşdur.

Keçidlər