Şamaxıdan olan şəhid Kaçayev Samir Ziyəddin oğlu bu gün torpağa tapşırılmışdır
Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşlərdə Azərbaycan ordusunun şəhid olan əsgəri, 1994-cü il təvəllüdlü Kaçayev Samir Ziyəddin oğlu bu gün doğulduğu Şamaxı rayonunda dəfn edilmişdir.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Şamaxı Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, millət vəkilləri Aqil Abbas, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, rayon ictimaiyyəti və şəhidin yaxınları iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev dəfn mərasimində ictimaiyyət qarşısında çıxış edərək şəhidimizin ailə üzvlərinə başsağlığı vermiş, torpaq uğurunda şəhid olmağı ən ali, uca zirvə olduğunu qeyd edərək şəhidlərin daim elin yaddaşında xatırlanacağını vurğulamışdır. Rayon rəhbəri çıxışında qeyd etmişdir ki, bu gün Azərbaycan əsgərinin nəyə qadir olduğu gedən döyüşlərdə düşmənə vurduğu agır zərbələr zamanı bir daha öz təsdiqini tapır. Bildirmişdir ki, torpağlarmızın azadlığı uğrunda silahlı qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə hər bir şamaxılı döyüşlərə hazırdır.
Sonra çıxış edən millət vəkilləri Aqil Abbas, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, rayon ziyalısı Eyvaz Eminalıyev və digərləri şəhidin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu bildirərək, müharibə veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışmışlar.
Şəhid Məlhəm kəndindəki məzarlıqda dəfn edilmişdir. Məzar üzərinə Müdafiə Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi, rayon ağsaqqalları adından əklillər və gül dəstələri düzülmüş, cənazə üzərinə sərilmiş bayraq əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim olunmuşdur.