Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü keçirilmişdir
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü rayonun Kərkənc kəndində keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, RİH başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək kənd sakinlərini salamlamış, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Sonra kənd sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət etmişlər. Çıxış edən vətəndaşlar ilk öncə son illərdə respublikamızda, rayonda, eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhalinin daim dövlət qayğısını hiss etdiklərini qeyd etmiş, əhalinin tibbi müayinəsinin aparılması kampaniyasının bu il də davam etdirilməsinə, kəndin fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təminatına, həmçinin dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq əmək haqqı və təqaüdlərin artırılmasına, sosialyönümlü layihələrin icrasının davam etdirilməsinə, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi ilə həyata keçirilən uğurlu tədbirlərə görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Həmçinin kənd sakinlərindən Məhəmməd Qurbanov kənd ümumi orta məktəbinin idman zalının tikintisinin sürətləndərilməsinə, Nəsib Osmanov kənddə qəzalı vəziyyətdə olan elektrik xətləri və dirəklərinin dəyişdirilməsinə, Bayram Əlləzov isə əkin sahələrinin ziyanvericilərdən qorunmasına və Mədrəsə-Kərkənc avtomobil yolunun təmirinə köməklik göstərilməsini xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Kərkənc kəndində keçirilən səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.