Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir

18 mart 2016 | 16:00

Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı respublikamızın hər yerində olduğu kimi Şamaxıda da geniş qeyd olunmuşdur.
Bayram münasibətilə Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda təntənəli təşkil olunmuş tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon İcra Hakimiyyətinin kollektivi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, kənd və qəsəbələrdən gələn minlərlə sakin iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə parkda təşkil olunmuş Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirmişdir. Təbiətin oyanışını bildirən səməni və digər novruz atributları ilə əsl bayramsayağı bəzədilən parkda sərgilənən qədim məişət əşyaları, toxuculuq və əkinçilik alətləri, saxsı və mis qablar və digər sənət nümunələrinin nümayiş olunduğu  sərgilər, o cümlədən xoruz döyüşləri və bişirilən müxtəlif çeşidli milli xörək növləri maraqla qarşılanmışdır. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha yada salmışlar.
Bayram tədbirində ənənəyə uyğun olaraq tonqal qalanmış, xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılmışdır. İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirmiş, rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa etmiş, gənc pəhləvanlar meydan mübarizəsinə çıxmışlar.
Novruz şənliyi kütləvi rəqslə sona çatmış və tədbir iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi bəxş etmişdir.

Keçidlər