Rayon İcra Hakimiyyəti başçısının Cabanı kəndində səyyar qəbul-görüşü keçirilmişdir
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü rayonunun Cabanı kəndində keçirilmişdir.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, RİH başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının İkinci Cabanı kənd İƏD-si üzrə nümayəndəsi, İkinci Cabanı bələdiyyəsinin sədri və sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək kənd sakinlərini salamlamış, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini bildirmiş və regionların sürətli sosial-iqtisadi inkişafından danışmışdır.
Sonra kənd sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət etmişlər. Çıxış edən vətəndaşlar ilk öncə son illərdə respublikamızda, rayonda, eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhalinin daim dövlət qayğısını hiss etdiklərini qeyd etmiş, əhalinin tibbi müayinəsinin aparılması kampaniyasının bu il də davam etdirilməsinə, kəndin fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təminatına, həmçinin dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq əmək haqqı və təqaüdlərin artırılmasına, sosialyönümlü layihələrin icrasının davam etdirilməsinə, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi ilə həyata keçirilən uğurlu tədbirlərə görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Həmçinin kənd sakinlərindən Səlim Həsənov İkinci Cabanı kənd tam orta məktəbi üçün əlavə sinif otaqlarının tikilməsinə, Pyotr Kalmıkov kəndin içməli su xətlərinin təmirinə, Səlim Məmmədov Şamaxı-Cabanı avtomobil yolunun təmirinə, Xələf Ömərov isə kənddə qəzalı vəziyyətdə olan elektrik xətləri və dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Cabanı kəndində keçirilən səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.