TQDK sədri Şamaxıda vətəndaşların müraciətlərini dinləyib
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə fevralın 19-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.
Əvvəlcə TQDK-nın sədri M.Abbaszadə və rayon icra hakimiyyətinin başçısı Asif Ağayev şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Qəbula gələn vətəndaşlar TQDK sədri tərəfindən diqqətlə dinlənilib. Müraciətlər əsasən magistraturaya qəbul, sınaq imtahanlarının sayının artırılması, bakalavr səviyyəsinə qəbul qaydaları, buraxılış imtahanları, ali məktəblərə qəbul, təhsil haqqı və digər məsələlərlə bağlı olub. Müraciətlərin əksəriyyəti yerindəcə, operativ həll edilib. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb, həlli üçün nəzarətə götürülüb. Komissiyanın səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Vətəndaşlar qəbulun təşkilinə və yaradılan şəraitə görə razılıqlarını bildiriblər.