Şamaxıda qanvermə aksiyası keçirilmişdir
Fevralın 9-da Şamaxı Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir.
Talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə rayonda keçirilən növbəti qanvermə aksiyasında rayonun icra strukturlarının nümayəndələri, idarə və təşkilatların kollektivləri, YAP Şamaxı Rayon Təşkilatının üzvləri və rayonda fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələrinin işçiləri yüksək fəallıq nümayiş etdirmişlər. Qan vermək üçün 90 nəfərdən çox rayon sakini müraciət etmiş, 61 nəfərdən qan götürülmüşdür.
Humanitar aksiyada Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elxan Məmmədov çıxış edərək talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsinin ölkəmizdə ictimai xarakter almasını vurğulamış, belə aksiyaların Şamaxıda da tez-tez keçirildiyini qeyd etmişdir.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirmiş, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd etmişlər.
Aksiya zamanı əldə olunan qan ehtiyatı Respublika Mərkəzi Qan Bankına göndərilmişdir.