Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Neft Şirkətinin Prezidenti Şamaxıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib

08 fevral 2016 | 16:00

Fevralın 8-də Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev Şamaxıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.
Görüşdən əvvəl Rövnəq Abdullayev və Şamaxı Rayon İcra Hakimiyyətin başçısı Asif Ağayev müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzərək xatirəsini ehtiramla yad ediblər.
Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilmiş görüşdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar və yerli sakinlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, habelə insanların rifahının yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə bir neçə iri özəl müəssisə yaradılıb.
Görüşdə çıxış edən Dövlət Neft Şirkətinin Prezidenti qlobal iqtisadi böhranın yaşandığı şəraitdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanın hərtərəfli dinamik tərəqqisindən və sabit inkişafından bəhs edib. Xalqımızın rifahı və gələcəyi naminə yaradılmış möhkəm iqtisadi potensialın bu gün dövlətimizin iqtisadi təhlükəsizliyini təmin etdiyini, onu böhranın təsirindən qoruduğunu vurğulayan Rövnəq Abdullayev Azərbaycan Prezidentinin verdiyi tapşırıqlara əsasən məqsədyönlü islahatların həyata keçirildiyini, respublikamızın sosial-iqtisadi inkişafına mane olan amillərin aradan qaldırıldığını, antiböhran tədbirlərinin müsbət nəticələrini, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, maaş, pensiya və müavinətlərin artırılması, süni qiymət artımının qarşısının alınması və s. işləri qeyd edib.
Ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər həyata keçirildiyini vurğulayan Rövnəq Abdullayev bildirib ki, bu məqsədlə lisenziyaların sayı azaldılıb, bürokratik əngəllər aradan götürülüb, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziyaların “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb. Digər tərəfdən, iqtisadi tərəqqini sürətləndirmək məqsədilə geniş özəlləşdirmə proqramlarının həyata keçirilməsi üçün zəruri işlər görülür. Azərbaycanın uzunmüddətli uğurlu inkişafının heç bir investorda şübhə doğurmadığını nəzərə alsaq, uzun illər fəaliyyətsiz qalan müəssisələrin canlandırılması ilə bağlı icra ediləcək layihələr ölkənin inkişafında mühüm rol oynayacaq.
Şamaxı rayonunda kənd təsərrüfatının, yüngül sənayenin və turizmin inkişaf etdirilməsi üçün hər bir şəraitin olduğunu vurğulayan Rövnəq Abdullayev sahibkarlara dövlət tərəfindən hər cür dəstəyin veriləcəyini bildirib.
Daha sonra görüşdə sahibkarlar, ictimaiyyətin nümayəndələrinin təklifləri dinlənilib, verilən suallar cavablandırılıb. Çıxış edənlər yaradılan şəraitə görə, həmçinin dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq əmək haqqı və təqaüdlərin artırılmasına, sosialyönümlü layihələrin icrasının davam etdirilməsinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib, sahibkarların fəaliyyətlərinin daha da genişləndirilməsinə kömək göstərilməsi istiqamətində atılan addımları və əməli köməyi yüksək qiymətləndiriblər.

Keçidlər