Azərbaycan Gəncləri Günü Şamaxıda da geniş qeyd edilib
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Şamaxıda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanda dövlət gənclər siyasətinin banisi, xalqımızın Ulu Öndərinin xatirəsini dərin ehtiramla yad edərək Heydər Əliyev parkında dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzmüşlər.
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilmiş tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov Azərbaycan Gəncləri Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Natiq rayonda 2015-ci ildə görülmüş işlər, əldə olunmuş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışmış, bu gün ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparıldığını, bu siyasətin təməlində isə Ulu öndər Heydər Əliyevin ideyalarının dayandığını qeyd etmişdir. Vurğulamışdır ki, ölkəmizdə 1993-cü ildən başlayaraq bütün istiqamətlərdə olduğu kimi, gənclər sahəsində də vacib addımlar atılmışdır ki, görülən işlərin nəticəsi olaraq bu gün gənclərimiz böyük nailiyyətlərə imza atır, cəmiyyətdə mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün müasir müstəqil Azərbaycan Respublikasını daha da gücləndirir, gənclərimizin sorağı beynəlxalq konfranslardan, dövlət və hökumət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından eşidilir.
Tədbirdə fəal gənclərdən Vasif Şıxıyev, Ayşən Hüseynova, Alxas Məmmədov və digərləri çıxış edərək bildirmişlər ki, bu gün Azərbaycan gəncliyi dövlətin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində xoşbəxt və işıqlı gələcəyə doğru addımlamaqdadır.
Sonra Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova çıxış edərək əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün uğurla davam etdirildiyindən danışmış, ölkəmizin inkişafında gənclərin xüsusi rolunu qeyd etmişdir. Gülnisə Ələkbərova bir neçə gün öncə Prezident cənab İlham Əliyevin gənclərin bir qrupu ilə görüşündən danışaraq bildirib ki, həmin görüşdə cənab Prezident Azərbaycan gənclərinə milli dəyərlərimizi hər şeydən üstün tutmağı, vətənpərvərlik və mənəvi məsələlərdə hər zaman prinsipial olmağı, bundan sonra da ölkəmizin hərtərəfli inkişafında yaxından iştirak etməyi tövsiyyə etmişdir. Şamaxı rayon gəncləri də dövlət başçısının bu tövsiyələrinə əməl edərək rayonun sosial-iqtisadi, ictimai-siyasi, mədəni və idman həyatında daha da fəal iştirak edirlər və bundan sonra da edəcəklər. Bunun üçün rayonumuzda hər cür şərait yaradılıb. Gənclər rayon iqtisadiyyatının bütün sahələrində, o cümlədən sənaye, tikinti, nəqliyyat və xidmət sahələrində, sosial sahələrdə, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində geniş təmsil olunurlar.
Sonra rayonun ictimai həyatında fəal iştirak edən bir qrup gəncə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələr təqdim olunmuşdur.
Bədii hissə ilə davam edən tədbirdən sonra gənclərlə çay süfrəsi arxasında canlı diskussiya aparılmış, onların rəy və təklifləri dinlənilmişdir.