Şamaxıda yerli sahibarlarla işgüzar görüş keçirilib
29 yanvar 2016-cı il tarixdə Şamaxı Rayon İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən sahibkarlarla işgüzar görüş keçirilib.
Görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, RİH başçısı yanında Şura üzvləri və istehsal, emal, kommersiya sahələrində çalışan sahibkarlar iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı ilk növbədə sahibkarların işləri, onların fəaliyyətinə əngəl törədən və ya mane olan amillərin olub-olmaması, onları narahat edən məsələlərlə maraqlanıb. “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” cənab Prazidentin Fərmanına uyğun olaraq ötən il biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlərin davam etdirildiyindən danışan Asif Ağayev rayonda sahibkarlığın inkişafı, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması üçün 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 757 min 500 manat həcmində güzəştli kredit verildiyini də vurğulayıb, rayon İcra Hakimiyyəti tərəfindən sahibkarlara obyektlərin müasir səviyyədə yenidənqurulmasında, mövcud və yeniləşən obyektlərin sənədləşdirilmə işlərində hüquqi qaydada bütün lazımi köməklərin göstəriləcəyini qeyd edib.
Sahibkarlarla görüşdə həmçinin yeni bazar münasibətləri şəraitində təklif və mülahizələr səsləndirilib. Sahibkar Hacıbaba Şıxıyev Şamaxı şəhərində ət kombinatının yaradılması və üzümçülüyün daha da inkişaf etdirilməsi üçün soyuducu kameraların sayının artırılmasının vacib olduğunu bildirib, Rizvan İmanov isə bu gün əldə olunan uğurların iqtisadi bazasını möhkəmləndirməklə yeni sahələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Bundan əlavə «Padar-Çöl» Kənd Təsərrüfatı Müəssisəsinin müdiri Abdullah Karagün təsərrüfatlarının genişləndirilməsi üçün mülkiyyətlərində olan torpaqlarının təyinatının dəyişdirlməsinə köməklik göstərilməsi, Əmir Bəkirov rayonda işsizliyin aradan qaldırılması üçün üzümçülüklə bərabər meyvəçiliyin də inkişaf etdirilməsinə köməklik göstərilməsi barədə rayon rəhbərliyinə müraciət ediblər.
Canlı diskussiya və işgüzar şəraitdə keçən görüşdə RİH başçısı Asif Ağayev sahibkarların rəy və təkliflərinin nəzərə alınacağı və onlar üçün lazımi şəraitin yaradılacağını bildirdi.
Görüşdə çıxış edən sahibkarlar yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib, onların fəaliyyətlərinin daha da genişləndirilməsinə kömək göstərilməsi istiqamətində atılan addımları və əməli köməyi yüksək qiymətləndiriblər.
Səsləndirilmiş təkliflərin həyata keçirilməsi məqsədilə RİHB aparatının məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.