Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairələri üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilmişdir

28 yanvar 2016 | 16:00

28 yanvar 2016-cı il tarixdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, başçının müavinləri, rayon İcra Hakimiyyətinin şöbə müdirləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak etmişlər.
Yığıncaqda əvvəlcə rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahnəzər Qasımovun hesabat məruzəsi dinlənilmişdir. O, 2015-ci ildə Şamaxı şəhərinin küçə, park, xiyabanlarının abadlaşdırılması, əhalinin problemlərinin həlli istiqamətində görülmüş işlərdən danışmış, şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat vermişdir. Ötən il Şamaxı şəhərində DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Regional Şöbəsinin və şəhər 1 saylı körpələr evi-uşaq bağçasının binası tikilərək istifadəyə verildiyini bildirmiş, rayon Kənd təsərrüfatı İdarəsinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının və yeni körpələr evi-uşaq bağçasının tikintisinin başa çatmaq üzrə olduğunu qeyd etmişdir.
Sonra Şamaxı Elektrik Şəbəkəsinin rəisi Şahin Xəlilov, Şamaxı Kommunal Təsərrüfatı Çoxsahəli İstehsalat Müəssisəsinin müdiri Hacımurad Mahmudov və rayon Su-Kanal İdarəsinin rəisi Eldəniz Şeydayev şəhərdə aparılan işlər barədə ətraflı hesabat vermiş, çatışmazlıqların tezliklə aradan qaldırılacağını bildirmişlər.
Daha sonra Şamaxı şəhər 4 saylı körpələr evi-uşaq bağçasının müdiri Jalə Dola işlədiyi təşkilatın ötən ilki fəaliyyəti barədə məruzə etmişdir.
Hesabatın sonunda rayon İcra Hakimiyyətinin başçısı Asif ağayev çıxış edərək bildirmişdir ki, ölkə iqtisadiyyatı 2015-ci ildə də öz dinamik inkişafını qoruyub saxlamış, sosial sahədə bir çox islahatlar aparılmışdır. Rayonumuzda da sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüş, sosial obyektlərin tikintisi, içməli su və kanalizasiya layihələrinin icrası çox ciddi şəkildə davam etdirilmişdir. Asif Ağayev vurğulamışdır ki, əldə olunmuş nailiyyətlər, eləcə də bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, valyuta və enerji bazarlarında kəskin təlatümlər fonunda 2015-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafının uğurlu yekunları cənab Prezidentin inkişaf modelinin alternativsiz olduğunu bir daha göstərir.
Rayon rəhbəri 2015-ci ilin ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün mühüm il olduğunu qeyd etmiş, Prezident cənab İlham Əliyev tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi və bu çərçivədə təsdiq edilmiş tədbirlər planının icrası bu sahənin inkişafına yeni impuls vermişdir.
Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsinin nəticəsidir ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azad edilmişdir. Bu gün fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir.
“Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” cənab Prazidentin Fərmanına uyğun olaraq ötən il biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir.
2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda 56 sahibkara 757,5 min manat həcmində güzəştli kredit verilmişdir ki, təqdim olunan layihələr üzrə 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Artıq hamıya məlumdur ki, Prezident cənab İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.
Çıxışının sonunda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bir daha vurğulamışdır ki, bu gün ölkəmizin hərtərəfli inkişafı Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən sosial-iqtisadi siyasətinin nəticəsidir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ölkənin sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.

Keçidlər