Rayonun Mədrəsə qəsəbəsində hesabat yığıncağı keçirilmişdir
27 yanvar 2016-cı il tarixdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin iştirakı ilə Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2015-ci ilin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda rayonun idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri və Mədrəsə qəsəbə sakinləri iştirak etmişlər.
Hesabat məruzəsi ilə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fuad Abdulrazaqov 2015-ci ildə republikamızda, rayonda eləcə də qəsəbə inzibati ərazi dairəsində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, nümayəndəlik tərəfindən ötən il ərzində əhalinin müraciətlərinin həlli istiqamətində vaxtında işlər görüldüyünü bildirmişdir. Məruzəçi eyni zamanda dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq əmək haqqı və təqaüdlərin artırılmasının, sosialyönümlü layihələrin icrasının davam etdirilməsinin qəsəbə əhalisində dövlətə, Prezident cənab İlham Əliyevə olan inamını daha da artırdığını vurğulamışdır.
Sonra yığıncaqda iştirak edən qəsəbə sakinlərinin rəy və təklifləri dinlənilmişdir. Çıxış edən Vahid Qasımov, Vaqif Cabbarov, Davud Ziyayev və Rüstəm Süleymanov ölkəmizin bütün sahələrdə inkişafda olduğunu, əhalinin bütün təbəqələrinin daim dövlət qayğısını hiss etdiyini qeyd etmiş, qəsəbənin fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təminatına, qəsəbə tam orta məktəbi üçün 380 şagird yerlik yeni məktəb binasının və qəsəbə ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin yenidən qurularaq tikilməsinə, bu yaxınlarda istifadəyə veriləcək artezian quyusunun qazılmasına, həmçinin əkin sahələrindən məhsul əldə edə bilməyən əhaliyə dövlət tərəfindən kompensasiyanın verilməsinə, alınmış taxılın Respublika Prezidenti tərəfindən əkinçilərə bağışlanılmasına və ölkədə sosial-iqtisadi sahədə aparılan islahatlara görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Çıxış edənlər qəsəbənin içməli su xəttinin əsaslı təmir olunması üzrə layihənin icrasının sürətləndirilməsi və qəsəbə ərazisində istifadə müddəti bitmiş elektrik naqillərinin və dirəklərin yeniləri ilə əvəz olunmasını rayon rəhbərliyindən xahiş etmişlər.
Sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi, iqtisadi, sosial yüksəliş strategiyasından danışmış, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasının dövlətimizin əsas məqsədlərindən olduğunu qeyd etmişdir.
Yekunda qəsəbə sakinləri sosial-iqtisadi problemlərinin həllinin daim dövlətin diqqətində olduğuna, ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda, eləcə də Mədrəsə qəsəbəsində görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bir daha öz minnətdarlıqlarını bildirmişlər.