Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Nağaraxana kəndində 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir

25 yanvar 2016 | 16:00

Yanvarın 25-də Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin iştirakı ilə Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2015-ci ilin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda rayonun idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri və Nağaraxana kənd sakinləri iştirak etmişlər.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vahid Həsənov hesabat məruzəsi ilə çıxış edərək 2015-ci ildə republikamızda, rayonda eləcə də kənd inzibati ərazi dairəsində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, nümayəndəlik tərəfindən ötən il ərzində əhalinin müraciətlərinin vaxtında həll edildiyini qeyd etmiş, ərazidə yaşayan azsaylı xalqların nümayəndələrinə xüsusi diqqət göstərildiyini, onların problemlərinin həlli istiqamətində vaxtında işlər görüldüyünü bildirmişdir. Məruzəçi eyni zamanda əkin sahələrindən məhsul əldə edə bilməyən əhaliyə dövlət tərəfindən kompensasiyanın verilməsinin, alınmış taxılın Respublika Prezidenti tərəfindən əkinçilərə bağışlanılmasının, ölkədə sosial-iqtisadi sahədə aparılan islahatların kənd əhalisində dövlətə, Prezident cənab İlham Əliyevə olan inamını daha da artırdığını vurğulamışdır.
Yığıncaqda çıxış edən kənd sakinləri Abı Həsənov, İldırım Hüseynov, Məhəmməd Kərimov və Eyvazalı Hüseynov kənd təsərrüfatı ilə məşğul olan əhali olaraq daim dövlət qayğısını hiss etdiklərini qeyd etmiş, kəndin fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təminatına, həmçinin dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq əmək haqqı və təqaüdlərin artırılmasına, sosialyönümlü layihələrin icrasının davam etdirilməsinə görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər kəndin içməli su xəttinin əsaslı təmirini və kənd tam orta məktəbi üçün yeni məktəb binasının tikilməsini rayon rəhbərliyindən xahiş etmişlər.
Nağaraxana kənd sakini Svetlana Strekolova azsaylı xalqların nümayəndəsi kimi ölkəmizdə onlara qarşı doğma münasibət göstərilməsindən söz açaraq, bir çox xalqların nümayəndələri ilə birlikdə bir ailənin üzvləri kimi yaşadıqlarını, özlərini Azərbaycan Respublikası ərazisində tam güvəndə hiss etdiklərini, qədim vaxtlardan ayrı-ayrı mədəniyyətlərin birləşdiyi mərkəz olan Şamaxının bu gün də inkişafda olduğunu qeyd etmiş, 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin məhz bu diqqət və qayğının bariz nümunəsi olduğunu və bütün bunlara görə Prezident cənab İlham Əliyevə daim minnətdar olduqlarını bildirmişdir.
Sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı 2015-ci ildə də öz dinamik inkişafını qoruyub saxlamış, sosial sahədə aparılan siyasət uğurla davam etdirilmişdir. Rayonumuzda da sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüş, sosial obyektlərin tikintisi, içməli su və kanalizasiya layihələrinin icrası çox ciddi şəkildə davam etdirilmişdir.
Yekunda kənd sakinləri sosial-iqtisadi problemlərinin həllinin daim dövlətin diqqətində olduğuna, ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda, eləcə də Nağaraxana kəndində görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bir daha öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər