Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunun Göylər kəndində hesabat yığıncağı keçirilmişdir

21 yanvar 2016 | 16:00

Yanvarın 21-də Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev, rayonun xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Hesabat məruzəsi ilə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səməd Səfərov hesabat dövründə Göylər kənd sakinlərinin həm sosial, həm də iqtisadi cəhətdən problemlərinin həll olunduğunu, kənd əhalisini narahat edən məsələlərin həllinə tam qüvvələri ilə çalışdıqlarını bildirmişdir. Eyni zamanda kəndə təbii qaz xəttinin çəkilməsinin, Şamaxı-Göylər-Padar Çöl avtomobil yolunun yenidən çəkilərək əhalinin istifadəsinə verilməsinin, əkin sahələrindən məhsul əldə edə bilməyən əhaliyə dövlət tərəfindən kompensasiyanın verilməsinin, alınmış taxılın Respublika Prezidenti tərəfindən əkinçilərə bağışlanılmasının kənd əhalisində dövlətə, Prezident cənab İlham Əliyevə olan inamını daha da artırdığını vurğulamışdır. Həmçinin qeyd etmişdir ki, sahibkarlara hərtərəfli dövlət qayğısının göstərilməsi kənddə əsas problemlərdən olan işsizliyin aradan qaldırılmasına təkan verəcəkdir.
Yığıncaqda çıxış edən kənd sakinləri Qabil Həşimov, Məhəmməd Şərifov, Qəddə Abdullayeva, Əliyusif Qəniyev və başqaları son illərdə respublikamızda, rayonda, eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhalinin daim dövlət qayğısını hiss etdiklərini qeyd etmiş, kəndin fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təminatına, həmçinin dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq əmək haqqı və təqaüdlərin artırılmasına, sosialyönümlü layihələrin icrasının davam etdirilməsinə görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər kənddə yeni iş yerlərinin açılmasına, kənd ərazi dairəsinə tabe olan Çöl Göylər kəndinə təbii qaz xəttinin çəkilməsinə, Göylər kənd 1 saylı tam orta məktəbinin yenidən tikilməsinə köməklik göstərilməsini rayon rəhbərliyindən xahiş etmişlər.
Sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi, iqtisadi, sosial yüksəliş strategiyasından danışmış, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasının dövlətimizin əsas məqsədlərindən olduğunu qeyd etmişdir.
Yekunda kənd sakinləri sosial-iqtisadi problemlərinin həllinin daim dövlətin diqqətində olduğuna, ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda, eləcə də Göylər kəndində görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bir daha öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər