Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda məktəblilərinin konfransı keçirilmişdir

24 dekabr 2015 | 16:00

Dekabrın 24-də Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Kitabi-Dədə Qorqud və H.Fridrix fon Dits - 200” mövzusunda məktəbli konfansı keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən keçirilən konfransın iştirakçıları əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə tər çiçək dəstələri düzmüşlər.
Məktəblilərin “Kitabi-Dədə Qorqud” dastanına həsr edilmiş rəsm sərgisinin nümayişindən sonra işə başlayan konfransı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova qonaqları və tədbir iştirakçılarını salamlanmış, Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərindən başlayaraq Azərbaycan mədəniyyətinə, onun kökünə, qaynaqlarına dövlət səviyyəsində çox böyük diqqət ayırıldığını və onların öyrənilməsinin bugünkü nəslin tərbiyəsində, azərbaycanlı şəxsiyyətin formalaşmasında çox böyük rolu olduğunu vurğulamışdır. Ümummilli Liderin layiqli və mənəvi davamçısı Prezident cənab İlham Əliyevin bu istiqamətdə ciddi və dəqiq addımlarından birinin də xalqımızın mənəvi dəyəri olan, təkcə bizim xalqımıza yox, dünya xalqlarına məxsus olan “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi ilə bağlı olduğunu qeyd etmişdir.
Gülnisə Ələkbərova vurğulamışdır ki, Ulu Öndərin bu qaynağa, bu mənəvi mirasa ciddi və son dərəcə tələbat dolu baxışları bu gün siyasi, ictimai, mədəni-mənəvi müstəvidə dastanımıza olan marağın bir qədər də artırılmasına gətirib çıxarmışdır.
Daha sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış edərək diqqətə çatdırmışdır ki, ölkə başçısı 2015-ci il fevralın 20-də “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunması haqqında” Sərəncam imzalamışdır və Bilik Fondu bu Sərəncama uyğun olaraq, “Kitabi-Dədə Qorqud” dəyərlərinin tədqiqi, tədrisi, təbliği istiqamətində silsilə tədbirlər həyata keçirir. Qeyd etmişdir ki, bu tədbirlər təkcə Bakı şəhərində və bölgələrimizdə deyil, eyni zamanda xarici ölkələrdə də təşkil edilmiş, hazırda da “Kitabi-Dədə Qorqud” və H.Fridrix fon Dits - 200” layihəsi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsü ilə həyata keçirilir.
Oktay Səmədov bu gün keçirilən məktəbli konfransının da həmin silsilə tədbirlərdən biri olduğunu vurğulamışdır.
Sonra çıxış edən rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev bildirmişdir ki, “Kitabi-Dədə Qorqud” dastanının türkdilli xalqların mədəniyyətində çox böyük yeri vardır və bu dastan müxtəlif mədəniyyətlər arasında olan körpülərdən ən böyük nümunələrindən biridir.
Daha sonra məktəblilər çıxış edərək dastanın xalqımızın tarixindəki əvəzsiz rolundan danışmış, konfransın keçirilməsinə görə təşkilatçılara öz təşəkkürlərini bildirmişlər.
Rəsmi hissədən sonra tədbir məktəblilərin ifasında bədii proqramla davam etmişdir.

Keçidlər