Rayonun Avaxıl kəndinə təbii qaz verilmişdir
Noyabrın 19-da rayonun Avaxıl kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Eldar Səlimzadə, rayonun idarə, müəssisə və təkşilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq tədbir iştirakçılarını və qonaqları salamlamış, kənd sakinlərini bu mühüm hadisə münasibətilə təbrik etmiş, son illərdə respublikamızda, o cümlədən Şamaxıda reallaşdırılan sosial layihələrdən, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən ətraflı danışmışdır.
Rayon rəhbəri bildirmişdir ki, dövlətimizin sosial siyasəti nəticəsində ölkəmizin ən ucqar yaşayış məntəqələrində belə insanlar elektrik enerjisi, təbii qazla təmin olunur, su təchizatı, yol infrastrukturu yaxşılaşdırılır. Asif Ağayev qeyd etmişdir ki, Avaxıl kəndi rayonun təbii qazdan istifadə edəcək 43-cü yaşayış məntəqəsidir.
Sonra “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Eldar Səlimzadə çıxış edərək kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş və bildirmişdir ki, 146 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 20865 p/m müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 146 mənzilə məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirdə kənd ziyalısı Səhid Şirinov, ağsaqqal Hacıməmməd Tahirov, sakin Dildar Hidayətova və başqaları çıxış edərək onlara göstərilən bu qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə sonsuz minnətdar olduqlarını bildirmişlər.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və qonaqlar birlikdə kənd sakini Elxan Xansultanovun evinə gedərək təbii qaz verilişinin açılışını etmişlər.