Şamaxı rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümünə həsr olunmuş konfrans keçirilmişdir
17 noyabr 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
Konfransda Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar və fəal gənclər iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzərək Ulu Öndərə məhəbbət və ehtiramlarını ifadə etmişlər.
Konfransı giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov qeyd etmişdir ki, yaradılmasının 23-cü illiyini qeyd edən Yeni Azərbaycan Partiyası milli dövlətçilik ənənələrinin formalaşmasında, respublikamızın bir çox ölkə əhəmiyyətli problemlərinin aradan qaldırılmasında həlledici rol oynayaraq xalqımızın tarixinin şərəfli səhifələrindən birinə çevrilmişdir. 1992-ci ildə Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanı düşdüyü bütün bəlalardan xilas etmək yolunda atılan ilk müdrik addımlardan biri Yeni Azərbaycan Partiyasının yaradılması oldu. YAP qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi partiyasına çevrildi. Bu partiya Azərbaycan dövlətçiliyinin, onun dövlət müstəqilliyinin, bu günün və sabahın qarantı demək idi. Heydər Əliyevin qeyd etdiyi kimi - “Yeni Azərbaycan Partiyası vətəndaşlarımıza və dünya ictimaiyyətinə sübut etdi ki, o, siyasi fəaliyyət göstərməyə, Azərbaycanın taleyüklü məsələlərini həll etməyə qadir bir partiyadır... Ona görə də Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı, müstəqil dövlətimizi xoşbəxt gələcəyə aparacaq”.
Sonra Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şamaxı rayon təşkilatının Qadınlar Şurasını sədri Gülnisə Ələkbərova çıxış edərək vurğulamışdır ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın yaradılması tarixi zərurətdən doğmuş, böyük tarixi hadisədir. Yeni Azərbaycan Partiyası və onun böyük lideri, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürərək, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın təməlini qoymuşdur.
Gülnisə Ələkbərova qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirmişdir. YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, hər bir partiya üzvü ümummilli lider Heydər Əliyevin ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir.
Daha sonra çıxış edənlər Ümümmilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini qeyd etmişlər. Bildirilmişlər ki, YAP qarşısında duran - Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyat yaradılması kimi əsas vəzifələri uğurla yerinə yetirmişdir. Partiya ötən 23 il ərzində öz məqsədlərinə uyğun fəaliyyət göstərmişdir. Məhz buna görə də ümumxalq partiyasına çevrilən, 660 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanmışdır.