Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa Parlamentinin bir qrup deputatı Şamaxıda olmuşdur

31 avqust 2012 | 15:00

Avqustun 30-dan Azərbaycana səfərə gələn Avropa Parlamentinin bir qrup deputatı sentyabrın 1-də Şamaxı rayonunda olmuşdur. Parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi, Azərbaycan ilə daha ətraflı tanışlıq, respublikada gedən sosial-iqtisadi inkişaf, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri öyrənmək məqsədi daşıyan səfərin iştirakçılarına Azərbaycan Respublikasının Şamaxı rayonu haqqında ətraflı məlumatlar verilmişdir.
Əvvəlcə Şamaxı Müalicə-Diaqnostika Mərkəzində olan qonaqlar burada ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş müayinə və müalicə otaqlarına baxmışlar. Avropalı deputatlara bildirilmişdir ki, bu səhiyyə müəssisəsi 2009-cu ildə istifadəyə verilmişdir. Müəssisənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Burada ən çətin cərrahiyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılmışdır.
Sonra Avropa Parlamentinin deputatları 743-cü ildə inşa edilmiş, Qafqazda ən qədim və möhtəşəm dini ibadət yeri olan Cümə məscidində olmuşlar. Burada onların diqqətinə çatdırılmışdır ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən ayrılmış vəsait hesabına Cümə məscidində hazırda əsaslı təmir və yenidənqurma işləri aparılır. Qonaqlara həmçinin 1918-ci ildə erməni daşnakları tərəfindən Şamaxıda törədilən soyqırımı, o vaxt məscidə yığışan 1500 nəfərdən çox dinc insanın - uşaqların, ahılların, qadınların diri-diri yandırıldığı barədə müfəssəl məlumat verilmişdir.
Daha sonra avropalı deputatlar Şamaxıda Şeyxxəndan qəbiristanlığında uyuyan Azərbaycanın tanınmış maarifpərvər şairi S.Ə.Şirvanin abidəsini ziyarət etmişlər. Burada onlara Şamaxıda yaşayıb-yaradan mütəfəkkir şairin həyat və yaradıcılığı barədə ətraflı bilgilər verilmişdir.
Qonaqlarla gələn Belçika parlamentinin deputatı Alain Destexhe mətbuat üçün müsahibə vermiş, bir neçə dəfə Azərbaycana gəldiyini, hər dəfə də böyük inkişafın şahidi olduğunu söyləmişdir.

 

Keçidlər