Şamaxıda “Milli İncəsənət Muzeyinin kolleksiyasından Azərbaycanın ədəbiyyat korifeyləri” adlı sərgi təşkil edilmişdir
Şamaxıda Mədəniyyət və Turizm Nazirliyinin “Paytaxtdan bölgələrə” adlı Azərbaycan mədəniyyəti və incəsənətinin bütün sahələrini əhatə edən layihəsi çərçivəsində “Milli İncəsənət Muzeyinin kolleksiyasından Azərbaycanın ədəbiyyat korifeyləri” adlı sərgi təşkil edilmişdir.
Rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş sərgidə görkəmli Azərbaycan rəssamları Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Nəcəfqulu, Oqtay Sadıxzadə, Qəzənfər Xalıqov və Sadıq Şərifzadə tərəfindən fırçaya alınmış xalqımızın dahi şair və yazıçıları Nizami, Xaqani, Fizuli, Nəsimi, Molla Pənah Vaqif, M.F.Axundzadə, Mirzə Şəfi Vazeh, Natəvan, Mirzə Ələkbər Sabirin portretləri nümayiş olunmuşdur.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Nazirliyin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Yazıçılar Birliyinin katibi Rəşad Məcid və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbir iştirakçıları salamlayaraq son illər rayonların mədəni mühitini yeni ideyalarla canlandırmaq üçün çoxsaylı respublika və beynəlxalq səviyyəli festivalların keçirildiyini bildirmiş, bölgələrdə yaşayan insanları müasir mədəni proseslərə cəlb etmək, paytaxtın aparıcı muzey və qalereyalarında qorunub saxlanılan mədəniyyət incilərinin bölgələrdə nümayişini, görkəmli sənətkarların və kollektivlərin çıxışlarını təşkil etmək, bölgələrin mədəni həyatını canlandırmaq üçün “Paytaxtdan bölgələrə” adlı layihənin keçirilməsinə başlanıldığını diqqətə çatdırmışdır. Nazir ilk tədbir olaraq 2015-ci ildə “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan edilmiş Şamaxı şəhərində “Milli İncəsənət Muzeyinin kolleksiyasından Azərbaycanın ədəbiyyat korifeyləri” adlı sərginin təşkil olunduğunu qeyd etmişdir. Sərginin Şamaxıda keçirilməsinin əlamətdar olduğunu xüsusi vurğulayan Əbülfəs Qarayev yaranma tarixi eramızdan əvvəlki əsrlərə təsadüf edən Şamaxının milli ədəbiyyat tarixində müstəsna yeri olduğunu qeyd etmişdir.
Çıxışının sonunda 1993-cü ilin bu günü - 29 oktyabr tarixində Zəngilan rayonunun işğal edildiyini diqqətə çatdıran Əbülfəs Qarayev vətən yolunda canlarından keçmiş bütün şəhidlərin qarşısında baş əydiyini bildirmiş, onlara Allahdan rəhmət diləmiş, işğal altında olan torpaqlarımızın bir gün mütləq azad olunacağını qeyd etmiş və həmin bölgələrimizdə də belə möhtəşəm tədbirlərin təşkil olunacağını bildirmişdir.
Sonra çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qonaqları salamlayaraq bu sərginin təşkil olunmasının bütün şamaxılıları çox sevindirdiyini bildirmişdir.
Rayon rəhbəri Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində rayonun mədəniyyət sahəsində son illər xeyli işlər görüldüyünü diqqətə çatdırmış, ötən dövr ərzində rayon Mədəniyyət Mərkəzi və Diyarşünaslıq Muzeyinin əsaslı təmir olunduğunu, Heydər Əliyev Mərkəzinin inşa edildiyini, şəhərin mərkəzində Heydər Əliyev adına park salındığını, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidinin 2013-cü ildə ölkə rəhbərinin tapşırığına uyğun olaraq yenidən qurulduğunu, Heydər Əliyev Fondu tərəfindən bütün standartlara cavab verən İncəsənət Təhsil Mərkəzinin tikilib istifadəyə verildiyini qeyd etmişdir.
Asif Ağayev 2015-ci ildə Şamaxının “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan olunmasında dövlətimizin diqqət və qayğısını xüsusi vurğulamış, Mədəniyyət və Turizm Nazirliyinə şamaxılılar adından bir daha təşəkkürünü bildirmişdir.
Tədbirdə çıxış edən incəsənət xadimləri və Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov Şamaxının tarixindən, onun dahilər yurdu olmasından söz açmış, bildirmişlər ki, Azərbaycanın dilbər guşələrindən olan Şamaxı bütün dövrlərdə diqqət mərkəzində olmuş, təbii coğrafi şəraiti, strateji mövqeyi, istedadlı insanları ilə daim dünya səyyahlarını özünə cəlb etmişdir.
Çıxışlarda 861-ci ildən 1538-ci ilə qədər mövcud olmuş Şirvanşahlar dövlətinin paytaxtı Şamaxının elm, mədəniyyət, mənəviyyat beşiyi kimi hələ orta əsrlərdən “Dər-əl-Ədəb” (Ədəb evi) kimi xüsusi hörmətlə yad edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.