Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Şirvan kəndinə təbii qaz verilmişdir

27 oktyabr 2015 | 16:00

Oktyabrın 27-də rayonun Şirvan kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Elşən Rəhimov, rayonun idarə, müəssisə və təkşilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq tədbir iştirakçılarını və qonaqları salamlamış, kənd sakinlərini bu mühüm hadisə münasibətilə təbrik etmiş, son illərdə qəbul edilmiş Dövlət Proqramılarının icrası ilə əlaqədar Şamaxı rayonunda əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatında xeyli işlər görüldüyünü bildirmiş, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində respublika və rayon miqyasında görülən işlər barədə ətraflı məlumatlar vermişdir.
Rayon rəhbəri bildirmişdir ki, 2013-2015-ci illərdə rayonun Sabir qəsəbəsi, Birinci Çaylı, Quşçu, Laləzar, Aşkar, İkinci Çaylı, Çarhan, Göylər, Birinci Cabanı, İkinci Cabanı, Həmyəli, Şərədil, Dağ Bağırlı, Yenikənd, Nüydi,  Saqiyan və Mərzəndiyə kəndlərinə, Nəsimi və şəhərin 48A saylı yeni yaşayış massivlərinə təbii qaz xətləri çəkilərək əhalinin istifadəsinə verilmiş, Avaxıl kəndində qazlaşma işləri davam etdirilmişdir.
Asif Ağayev həmçinin qeyd etmişdir ki, Şirvan kəndi rayonun təbii qazdan istifadə edəcək 42-ci yaşayış məntəqəsidir və hazırda rayonda olan təsərrüfatların 87,4 faizi təbii qazla təmin olunmuşdur.
“Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Elşən Rəhimov çıxış edərək kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş və bildirmişdir ki, 96 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3930 metr müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 96 mənzilə məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirdə kənd sakinləri Novruz Rəhimov, Əzizağa Abduləliyev, Balaqız Rəhimova və başqaları çıxış edərək onlara göstərilən bu qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə sonsuz minnətdar olduqlarını bildirmişlər.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və qonaqlar birlikdə kənd sakini Əsəd Nəsirovun evinə gedərək təbii qaz verilişinin açılışını etmişlər.

Keçidlər