Əmək və əhalinin sosial müdafiəsi naziri Şamaxıda vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 23-də Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şamaxı, Qobustan, Ağsu, İsmayıllı və Göyçay rayonlarından olan vətəndaşları fərdi qaydada qəbul edib.
Vətəndaşlar əsasən məşğulluğun və əmək hüquqlarının təminatı, mənzil və minik avtomobili ilə təmin olunmaq üçün növbəyə dayanma, bərpa müalicəsi və reabilitasiya vasitələri, əlil arabası, sanator-kurort yollayışı ilə təmin olunma və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılaraq cavablandırılıb, bir sıra vətəndaşlara müraciətləri ilə bağlı hüquqi izahatlar verilib. S.Müslümovun göstərişinə əsasən müraciətlərin bir qismi elə yerindəcə həll olunub, o cümlədən bir sıra vətəndaşlara münasib iş yerlərinə göndərişlər verilib, qəbula gələn bir nəfər əlilliyi olan şəxs müraciətinə uyğun olaraq əlil arabası ilə təmin olunub.
S.Müslümov ayrı-ayrı vətəndaşların müalicəsinə köməklik göstərilməsi, sanator-kurort yollayışı ilə təmin olunmaları və s. barədə tapşırıqlar verib.
Mənzil və minik avtomobili ilə təmin olunmaqla bağlı müraciətləri cavablandırarkən S.Müslümov müharibə əlilləri və şəhid ailələri üçün tikilən fərdi evlərdən inşası yekunlaşan evlərin, hazır yaşayış binalarından alınmış və təmiri başa çatan mənzillərin istifadəyə verilməyə başlandığını, bu ilin ötən dövründə 150-dən çox müharibə əlili və şəhid ailəsinə yeni mənzilin təqdim edildiyini bildirib. Bakıda və bir sıra bölgələrdə çoxmənzilli yaşayış binaları da inşa olunur. Hazırda sakinlərini qəbul etdiyimiz Şamaxı rayonunda da müharibə əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası və 1 fərdi ev tikilir. Eyni zamanda Qobustan rayonunda 3, İsmayıllı rayonunda 3, Ağsu rayonunda 10, Göyçay rayonunda 3 fərdi ev inşa edilir.
Nazir qeyd edib ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təkcə son bir ayda 300 minik avtomobili verilib və yaxın günlərdə daha 100 avtomobil onlara təqdim olunacaq. Minik avtomobili üçün növbəyə dayanmaqdan ötrü müvafiq tibbi göstəriş olmalıdır. Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edən 1219 nəfər imtiyazlı şəxs ciddi şəkildə müayinə edildikdən sonra onlardan yalnız 32,2 faizinə, yəni 393 nəfərinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərarlar qəbul edilib və onlar növbəyə götürülüb.
Qəbul zamanı vətəndaşlar müharibə əlilləri və şəhid ailələri üçün yeni mənzillərin inşa olunmasına, imtiyazlı şəxslərin minik avtomobilləri təminatına göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qəbula gələn ayrı-ayrı şəxslərin müraciətləri nazirliyin fəaliyyət sahələrinə aid olmadığından həmin müraciətlər aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.